USTAD ƏTA TƏRZİBAŞININ AZƏRBAYCAN SEVGİSİ

154

USTAD ƏTA TƏRZİBAŞININ AZƏRBAYCAN SEVGİSİ

Orxan İsayev*

İraq türkmanlarının böyük alimi ustad Əta Tərzibaşının həyat və yaradıcılığı ilə tanış olarkən onun Azərbaycana və Azərbaycan xalqına olan sevgisini görməmək mümkün deyil. Yazdığı məqalələrin böyük əksəriyyətində Azərbaycan ədəbiyyatı və folkloru haqqında böyük məhəbbətlə söhbət açır, mənsub olduğu türkman xalqının tarixi köklərinin Azərbaycan xalqı ilə bağlı olmasını fəxarət hissi ilə qeyd edir. Öz xalqının tarixini dərindən bilən Əta bəy 1962-ci ildə Bağdadda nəşr olunan “Qardaşlıq” dərgisində türkman xoyratları (bayatılar) haqqında dərc etdirdiyi araşdırma məqaləsində qeyd edir ki, xoyratın kökləri İraqda türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağqoyunlu və Qaraqoyunlu Türkman dövlətləri zamanı inkişaf edərək sonralar İraqdan Türkiyəyə, İranın quzeyinə, xüsusən də əhalisi türkman olan Təbrizə və eləcə də Azəri və Azərbaycan deyə adlandırılan və türkmanlardan ibarət Azərbaycan torpaqlarına yayılmışdır (7, s. 14). Sitatdan da göründüyü kimi Əta Tərzibaşı Azərbaycan xalqının türkman adlandırıldığını və İraqda yaşayan türkmanlarla ortaq tarixi köklərə malik olduğunu xüsusi vurğulayır. Əta bəyin bu fikrini Azərbaycanın görkəmli alimi professor Qəzənfər Paşayev təsdiq edərək yazır ki, onlar (İraq türkmanları – O.İ.) özlərini də, bizi – azərbaycanlıları da “türkman” adlandırırlar. Əslində, vaxtilə biz də türkman adlandırılmışıq.(5, s. 13)

Ustad Əta Tərzibaşının Azərbaycanla bağlı yazılarını araşdırarkən “Qardaşlıq” dərgisində dərc etdirdiyi “Şimali Azərbaycanda türkmanoloji araşdırmalar” adlı məqaləsi diqqətimizi daha çox cəlb etdi. Əta Tərzibaşı Azərbaycan-İraq ədəbi əlaqələri ilə yanaşı türkman və Azərbaycan xalqları arasında dil yaxınlığına da xüsusi diqqət çəkir. Görkəmli alim məqaləsində türkman və Azərbaycan türkcəsinin ayrı dil zümrələrinə bölünməsinə qarşı çıxır və hər iki dilin cüzi ləhcə fərqi ilə eyni olmasını vurğulayır.(8, s. 193).

Əta Tərzibaşı azərbaycanlıların da ürəklərində türkmanlara olan sevgini, hörməti hiss edirdi. Lakin Azərbaycanın müstəmləkə vəziyyətində olması, SSRİ rəhbərliyinin yürütdüyü xalqımızın soy kökündən uzaqlaşdırılması siyasəti azərbaycanlıların öz soydaşlarına yaxınlaşmasına ciddi əngəl törədirdi. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın elm adamları, yazıçıları, ziyalıları imkan düşdükcə İraqa səfərlər edir və orada qanı bir, canı bir türkman qardaşları ilə də görüşürdülər. Əta bəy “Şimali Azərbaycanda türkmenoloji araşdırmalar” adlı məqaləsində bu görüşlərə və azərbaycanlıların qəlbində türkmanlara olan ülvi hisslərə toxunaraq yazır: “İraqı ziyarət edən Azəri-türk alimləri, sənətkarları və turistləri ölkələrinə qayıtdıqda burada gördüklərindən, duyduqlarından və özləri ilə götürdükləri əsərlərdən istifadə etmək imkanını əldə etmişlər. Onların bu mövzulara önəm vermələrinin səbəbinə gəldikdə bunu, İraqda yaşayan türkmanları azəri camiəsinə daxil saymaları, daha doğrusu milli düşüncə və milli əndişə və həsrət duyğusuyla meydana gəlmiş olmasında axtarmaq lazımdır” (8, s. 193-194). Əta bəyin azərbaycanlıların hiss və duyğularını düzgün şəkildə qiymətləndirməsi, onun, ümumilikdə isə türkmanların Azərbaycana qarşı eyni hissləri bəsləməsi ilə əlaqələndirmək lazımdır. Tarixin müəyyən dövrlərində bir-birindən ayrı düşmüş eyni xalqın nümayəndələri Əta Tərzibaşı kimi ziyalıların timsalında yenidən yaxınlaşmağa cəhd göstərir ki, bunu da çəkinmədən tarixi qanunauyğunluq hesab edə bilərik.

Əta Tərzibaşı türkmanların da daxil olduğu türk dili ilə bağlı bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Hər bir xalqın milli varlığını qoruması baxımından dilin əhəmiyyətini yüksək qiymətləndirən Əta bəy “Yazı dili, danışıq dili” adlı məqaləsində türk dilinin türkman şivəsini araşdıraraq burada da azərbaycanlılarla olan ortaq xüsusiyyətlərə diqqəti cəlb edir. Hər iki türk xalqının ortaq dil ənənələrini sarsılmaz faktlarla sübuta yetirməklə bu xalqların eyni kökdən gəlməsini bir daha isbat etmiş olur. Əta bəy türkman ləhcəsinin osmanlı türkcəsindən daha çox Azərbaycan türkcəsinə yaxın olduğunu və bu yaxınlığın ekiz qardaşların dili qədər eyni olmasını xüsusi vurğulayır. “Türkman ləhcəsi azəri ləhcəsinə daha yaxın və bəlkə də ekiz qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr uzun bir tarix boyu müxtəlif səbəblərin təsiri ilə bir-birindən xəbərsiz olaraq inkişaf etdiyi halda aralarında ciddi fərqlər yaranmamışdır. Lakin bu ləhcələr mənsub olduqları topluluqların fərdləri aralarında qarşılıqlı olaraq asanlıqla anlaşmaqda və bu xüsusda hər hansı bir əngəllə qarşılaşmamaqdadırlar” (4, s. 205-206). Bundan əlavə müəllif məqalədə “Kitabi-Dədə Qorqud” dastanına da toxunaraq onu türk xalqlarının müqəddəs kitabı – İraq türkmanlarının “Ana kitabı” adlandırır və bununla bir daha türkman və Azərbaycan dilinin eyni kökə malik olduğunu qabardır.

Əta Tərzibaşı türkman xalqının folklorunu da ciddi şəkildə tədqiq etmiş və bu istiqamətdə elm dünyasına bir sıra yeniliklər bəxş etməyə nail olmuşdur. Azərbaycan oxucusu Əta Tərzibaşının bu fəaliyyəti ilə professor Qəzənfər Paşayevin “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” adlı monoqrafiyası ilə daha yaxından tanış olmuşdur. Əta bəyin Azərbaycan sevgisinə yaxından bələd olan Qəzənfər müəllim öz monoqrafiyasını “Əta Tərzibaşıya qədirşünaslıq ərməğanı” adlandırması da təsadüfi deyildir. Görkəmli tədqiqatçının türkman folklorunda xüsusi yer tutan xoyratları, maniləri, dastanları, xalq havalarını, eləcə də atalar sözləri və məsəlləri araşdırarkən də mənsub olduğu xalqın Azərbaycana bağlılığını elmi cəhətdən sübut edir. “Kərkük xoyratlar və maniləri” kitabında türkman xoyrat və manilərinə ən yaxın olanının azəri bayatıları olduğunu xüsusi şəkildə qeyd etməklə bu iki türk xalqının folklorunun da eyni mənbədən yarandığını göstərir. (5, s. 90). Əta bəy türkman xalq musiqisini tədqiq edərkən, yenə də mənsub olduğu xalqın Azərbaycan türkləri ilə ortaq tarixi köklərə, folklor ənənələrinə malik olduğunu və bu bağlılığın bu gün də davam etdiyini vurğulayır. Görkəmli alim Bağdadda ərəb hərfləri ilə çap etdirdiyi “Kərkük havaları” kitabında yazır: “Əskidən bəri azərilərlə dolu olan Təbriz, Marağa, Qarabağ və daha başqa şəhər və səmtlərdə musiqi həyatı yüksək bir səviyyəyə alınmışdır. O zaman İraq türkləri ilə bu ölkələrdə yaşayan türklər arasında dil, ədəbiyyat və musiqi baxımından bulunan yaxın bağlılıq asanlıqla düşünülə bilər. Bu bağlılıq azərilərlə İraqda yaşayan türkmanlar arasında bir dərəcəyə qədər qüvvətli bir qaynaşma hasilə gətirmişdi”.(5, s. 198-199).

Əta Tərzibaşının qəlbində Azərbaycan sevgisi uzun illərin gərgin elmi fəaliyyəti nəticəsində yaranmışdır, – desək yanılmarıq. İstər türkman ləhcəsinin, istər türkman folkloru və ədəbiyyatının tədqiqi Əta bəydə İraq türkmanlarının Azərbaycan türkləri ilə eyni kökdən olmasına heç bir şübhə yeri qoymamışdır. Təsadüfi deyil ki, o, böyük Füzulini həm türkman, həm də Azərbaycan şairi hesab edir və onun kimi düşünənlərə də haqq qazandırırdı. Əta Tərzibaşıya görə, hətta türkman alimlərinin belə Füzulini Azərbaycan şairi hesab etmələrində qeyri-adi heç nə yoxdur. Çünki türkmanlarla Azərbaycan türkləri arasında şivə yaxınlığı olduğu kimi, oğuz türklərindən gəlmə ortaq kökləri də mövcuddur.(1).

Əta bəyin Azərbaycana olan məhəbbəti bu ölkədən olan elm adamları ilə tanışlıqdan sonra daha da artmışdır. Ustad Əta Tərzibaşı hələ Şimali Azərbaycanın Sovet müstəmləkəsi olduğu dövrdə belə azərbaycanlı alimlərlə əlaqə saxlayır, onlarla fikir mübadiləsi aparır, Sovet Azərbaycanından İraqa səfər edən ziyalılarla görüşməyə çalışırdı. Professor Qəzənfər Paşayevin yazdığına görə, Əta bəy akademik Həmid Araslı, professor Abbas Zamanov, Mirzağa Quluzadə və Qəzənfər müəllimin özü ilə müntəzəm şəkildə əlaqə saxlayırdı. Əta Tərzibaşı professor Qəzənfər Paşayevə göndərdiyi məktubların böyük əksəriyyətində ona “qardaşım” deyə müraciət etməsi də səmimi münasibətlərin ən yüksək göstəricisidir. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra İraq türkmanları ilə əlaqələri daha da genişləndi. 1994-cü ildə Məhəmməd Füzulinin 500 illik yubileyi ilə bağlı Azərbaycandan 128 nəfərlik nümayəndə heyəti İraqa getmiş və Kərkükdə ustad Əta Tərzibaşı ilə də görüşmüşlər. Qəzənfər Paşayev həmin görüşü xatırlayaraq yazır: “Anar müəllim onun Azərbaycan Yazıçılar Birliyinə qəbulu barədə vəsiqəni təqdim etdi. Adətən, çox ciddi və qarabaq olan Əta bəyin üzündə bir təbəssüm gördüm və onun sevincinə qoşuldum”. (5, s. 216). Ömrünün ahıl çağlarında doğma Azərbaycandan gördüyü bu hörmət və sevgi Əta bəy kimi şəxsiyyəti sevindirməyə bilməzdi. Onun Azərbaycana bəslədiyi məhəbbəti Dr. Şəmsəddin Kuzəcinin xatirində qalan və 2018-ci ildə Ankarada çap edilən “Ata Terzibaşı (həyatı və əsərləri)” adlı kitabın ön sözündə qələmə aldığı hadisə açıq-aşkar sübut edir. Dr. Şəmsəddin Kuzəçi yazır: “Kəndisi üçün VEKTÖR “Beynəlxalq Elm Mərkəzi”nin Fəxri Doktoru diplomunu apardığım zaman çox duyğulanmışdı. Mənə bunları dedi: “Azərbaycan dövləti və milləti çox sağ olsun, məni düşündülər. Ancaq mən “doktor” kəlməsini kullanamam. Bu mənim prinsipimdir”. Qiyafəti çıxardığımda sağlamlığı səbəbilə ayağa qalxa və geyinə bilmədi. Ancaq qiyafətlikdə əks olunmuş Azərbaycan bayrağını öpüb alnına qoyduğunda mənim gözlərimdən yaş damladı və boğazım düyünləndi, bir müddət danışa bilmədim”. (3, s. 7). Əta bəyin Azərbaycan bayrağına göstərdiyi bu sevgi bütün Azərbaycan xalqına, onun tarixinə, ədəbiyyatına, mədəniyyətinə olan sevgisinin bariz nümunəsi idi. Bu sevgi Əta Tərzibaşının qəlbində bir ömür yaşadı. İndi isə yazmış olduğu məqalələrdə, kitablar və onun haqqında olan xatirələrdə yaşayır.

Son illərdə Azərbaycan – İraq-türkman elmi, ədəbi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi görkəmli tədqiqatçı Əta Tərzibaşını irsinin öyrənilməsi istiqamətində də bir sıra önəmli addımların atılması ilə nəticələnmişdir. 2024-cü ildə anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanda bir sıra elmi konfranslar keçirilmiş, AMEA Folklor İnstitutunun “Dədə Qorqud” jurnalının xüsusi nömrəsi Tərzibaşı yaradıcılığına həsr olunmuşdur. Azərbaycanlı alimlər Əta Tərzibaşının elmi fəaliyyətini müxtəlif istiqamətlər üzrə tədqiq etmiş, təkcə 2024-cü ildə mövzu ilə bağlı onlarla məqalə yazılmışdır. Kərkük Kültür Dərnəyinin sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru Şəmsəddin Kuzəçinin “Kərkükün Milli Tədqiqatçısı Əta Tərzibaşı” adlı kitabının Azərbaycanda nəşr edilməsi də görkəmli alimin 100 illik yubileyinə böyük bir töhfədir.

Son dövrlərdə Əta Tərzibaşı yaradıcılığına Azərbaycanda böyük marağın yaranması etnik bağlılıqdan və Azərbaycan xalqının Əta Tərzibaşıya qədirşünaslıq münasibətindən yaranmışdır.

İstifadə olunmuş ədəbiyyat:

  1. Ata Terzibaşı. Fuzuli hakkında yazılar. İstanbul: Şenyıldız matbaacılıq, 2016, 224 səh.
  2. Kevseroğlu N. Ata Terzibaşı (Hayatı ve eserleri). Ankara: Vadi Grafik, 2018, 72 səh.
  3. Kərkük sevdalı elm adamı / Tər. ed. Paşayeva A. Bakı: “Təhsil”, 2013, 232 səh.
  4. Mustafa Z., Şəmsettin K. Ata Terzibaşının makaleleri, Ankara: 2018, 220 səh.
  5. Paşayev Q.M. Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti, Bakı: “Təhsil”, 2016, 246 səh.
  6. Paşayev Q.M. Əta Tərzibaşı və Azərbaycan – İraq-Türkman ədəbi-elmi əlaqələri, “Ədalət” qəzeti, 14 noyabr 2015-ci il
  7. “Qardaşlıq” dərgisi, Bağdad, 1962, №5, s.13-14
  8. “Qardaşlıq” dərgisi, Bağdad, 1969, №4, s.3

*AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu, Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin elmi işçisi,  Kərkük Kültür Dərnəyinin üzvü