Kərkük Folklorşünaslıq və Ədəbiyyatşünaslıq Elminin İftixarı Əta Tərzibaşı
Prof. Dr. Qəzənfər Paşayev
Taleyimdə iki dahi şəxsiyyət müstəsna rol oynayıb. Onlardan biri Azərbaycanın xalq şairi Rəsul Rza, ikincisi isə ustadım Əta Tərzibaşı idi. 1960-cı ildə Universitetin İngilis-Azərbaycan dilləri fakültəsinin 4-cü kursunda oxuyurdum. Rus və ingilis dillərini yaxşı bilən tələbələri seçib bir il sonra xaricdə tərcüməçi işləməyə göndərəcəkdilər. Biz üç tələbə dost İndoneziyanı seçmişdik. Bir gün M.F.Axundov adına Milli kitabxanamızda oturub İndoneziyanın tarixi, mədəniyyəti və adət-ənənələrinə dair materiallarla tanış olurdum. Kitabxanada hamı Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraqa səfərindən və Rəsul Rzanın “Azərbaycan dərgisinin 9-cu sayında çıxan “Uzaq ellərin yaxın töhfələri” məqaləsindən danışırdı. Məqaləni oxudum və ilk dəfə İraqda dili dilimizdən olan İraq türkmanlarının yaşadığını və xoyratlarının bayatılarımızdan fərqlənmədiyini öyrəndim. Nazirliyə (bakanlığa) qaçaraq yalvardım ki, məni İraq Respublikasına göndərsinlər. Bəxt üzümə güldü, məni İraqa göndərdilər. Altı il sonra Vətənə İraq türkmanlarının zəngin mənəvi dəyərlər xəzinəsi ilə döndüm. Hətta 1968-ci ildə Rəsul Rza ilə birgə hazırladığımız “Kərkük bayatıları” kitabı 18.000 tirajla çap olundu.
Maraqlıdır ki, Kərkük xoyratları şairə o qədər təsir etmişdi ki, Azərbaycanda sərbəst şeir məktəbinin banisi Rəsul Rza ömrünün sonuna qədər onların cazibəsindən çıxa bilməmiş, 1964-cü ildə “Aşıq Yanıqlı bayatıları”nı çap etdirmiş, ölümünə bir il qalmış, 1980-ci ildə “Yaralı Kərkükün bugünlü xoyrat və maniləri” silsiləsini yazmışdır. 2007-ci ildə şairin kərküklü qıza həsr etdiyi “Ağlama, gözəl, ağlama” şeirindən götürdüyünüz “Ağlayan çox, gülən hanı” adı altında şeirlərini, eləcə də xoyrat və manilərini mərhum Əbdüllətif Bəndəroğlu ilə geniş ön sözlə kərkükdə çap etdirdik. Rəsul Rzanın şair fəhmi ilə yazdığı xoyratlar sanki İraqın bu günündən bəhs edir:
Kərkükün baş qalası,
Divarı daş qalası.
Ölü ana yanında,
Tökür qan-yaş balası.
***
Bağdaddan karvan gəlir,
Dərdli, pərişan gəlir.
Kimlər qurban kəsilib
Sularım al-qan gəlir.
Bu iki xoyratdan da göründüyü kimi, xalq yaradıcılığının ən qədim janrı belə yeni dövrün fikrini ifadə etməkdə çox münasib forma olur. Yəqin buna görədir ki, Kərkük folkloru Rəsul Rzada böyük maraq oyatmışdı. Bunu SSRİ-də Türk dilli xalqların oyanışına böyük təkan verən görkəmli türk şairi Nazim Hikmətin sözlərindən də bilmək olur:
“Ötən il Rəsul Rza İraqa getmişdi (1959-cu il). Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparardı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şeirlər İraqda yaşayan türklərin bayatıları idi”.
Burada söhbət həyatımda, taleyimdə, yaradıcılığımda müstəsna rol oynayan Əta Tərzibaşının “Kərkük xoyratları və maniləri” kitabından gedir. O, kitab ki, İraqda, Türkiyədə və Azərbaycanda dönə-dönə çap olunub və çoxları bu nadir incini əlinə alanda Nazim Hikmətin təbirincə desək, sanki əlində ürəyini aparır. Xoyratlar ona görə müstəsna dəyərə malikdir ki, Osmanlı, Azəri və İraq türklərinin mənəvi birliyindən söz açır.
Mən bir folklorşünas kimi çəkinmədən deyə bilərəm ki, Əta Tərzibaşının xoyrat və manilərlə bağlı tədqiqatlarına bənzər tədqiqata təsadüf etməmişəm. Ümumiyyətlə, Əta Tərzibaşının folklorla bağlı bütün tədqiqatları əvəzsizdir. Ona görə ki, tükənməz incilər xəzinəsi olan folklor Azərbaycan ədəbiyyatşünaslıq elminin iftixarı prof. Dr. Yaşar Qarayevin göstərdiyi kimi, əsatir və xoyratlarda, nağıl və dastanlarda əbədiləşir, canlı yaddaşa çevrilir, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymur, onu parçalanmaqdan xilas edir, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edir.
Ustadıma həsr etdiyim “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” monoqrafiyamda alimin folklor sahəsindəki tədqiqatlarına bu müstəvidən baxmış və dəyərləndirmişəm.
İraq-türkman folklorunun toplanması, nəşri və qismən də tədqiqinə XX əsrin 50-ci illərindən başlanmışdır. Xalqın əsrlərlə yaradıb nəsildən-nəslə töhfə etdiyi bu mənəvi inciləri toplayaraq bəşəriyyətin ən böyük kəşfi olan kitablarda yaşadanlardan danışarkən göz önünə ilk olaraq Əta Tərzibaşı, Molla Sabir, Şakir Sabir Zabit, Məhəmməd Xurşid, İbrahim Daquqi, İhsan Vəsfi, Süphi Saatçı, Mahir Naqib, Əbdüllətif Bəndəroğlu, Həbib Hürmüzlü və başqaları gəlir. Əta Tərzibaşı xoyratlar və manilərin, xalq mahnıları və türkülərin, xoyrat üsullarının, «Arzu-Qəmbər» dastanının, aşıq havalarının, eləcə də atalar sözlərinin tədqiqi sahəsində böyük uğurlar qazanmış və əsərləri nəinki təkcə İraqda, eləcə də Türkiyə, İran və Azərbaycanda dönə-dönə çap olunmuşdur. Molla Sabir xoyratları, professor Süphi Saatçı uşaq folklorunu, professor Mahir Naqib xalq musiqisini, İhsan Vəsfi deyimlər və qanadlı sözləri, professor İbrahim Daquqi və Məhəmməd Xurşid Kərkük folklorunun ayrı-ayrı janrlarını, Şakir Sabir Zabit mərasim folklorunu toplamış, qismən tədqiq və nəşr etmişlər. Dr. Əli Bəndər və Dr. Mustafa Ziya xoyratlarla bayatılarımızın müqayisəli tədqiqinə böyük bir əsər həsr etmişlər. Onların min cür əzab-əziyyətə qatlaşaraq toplayıb öz hesablarına çap etdirdikləri kitabları vərəqlədikcə böyük rus ədəbiyyatşünas alimi V.Q.Belinskinin sözləri yada düşür: “Böyük zəhmət və fədakarlıqla xalq ədəbiyyatının qiymətli gövhərlərini toplayan və onları unudulub tələf olmaqdan qoruyan təvazökar və qərəzsiz adamların zəhməti hər cür təqdir və təşəkkürə layiqdir”.
Belinskinin bu sözlərini oxuduqca göz önünə ilk gələn Əta Tərzibaşı olur. Onun xidmətlərini həmyerlisi Əli Maarufоğlu layiqincə qiymətləndirmişdir: “XX əsrin birinci yarısında ölümə məhkum olan ədəbiyyatımız XX əsrin ikinci yarısında Əta Tərzibaşının sayəsində yenidən dirçəldi”.
Əta Tərzibaşı İraq-türkman folklorunun ən müqtədir tədqiqatçısıdır. O, öz fəaliyyəti ilə bir nümunə məktəbinə çevrilmiş, həqiqətən də, məktəb yaratmışdır.
Gənclərin elm yolunda istiqamətlənməsində və yetişməsində Əta bəyin xidmətləri əvəzsizdir.
Bircə misalla kifayətlənəcəyəm. Neçə-neçə kitab müəllifi Ərşad Hürmüzlü Əta Tərzibaşının 80 illik yubileyi münasibəti ilə yazdığı məqaləsində təqribən 50-55 il bundan əvvəl baş vermiş, ibrət götürüləcək bir hadisədən söz açır. Yazır ki, bir kitabımın əlyazmasını ərəbcəsi mükəmməl olan ustada təqdim etdim və xahiş etdim ki, həm ərəbcəsinə baxsın, həm də, ümumiyyətlə, iradlarını bildirsin. Əta Tərzibaşı yazılı şəkildə bir çox iradlar göstərdi. Onların arasında məxəzlərə münasibət məsələsi də vardı. Əta bəy yazmışdı: «Çalışmanın ciddi olmasını istəyirsənsə, qaynaqları çoxaltmaq üçün hər önünə gələni qaynaq kimi göstərməkdən çəkinməlisən. Elmi dəyəri olmayan kitabı qaynaq göstərməyin kitabının sanbalına xələl gətirə bilər”.
Bu böyük alimin yazdığı möhtəşəm əsərlər sayəsində İraq-türkman ellərində neçə-neçə folklorşünas yetişmişdir. Professor Mahir Naqib təsadüfi deməmişdir: “Əta Tərzibaşı mədəniyyətimizin gerçəkdən bir ümdəsi və təməl daşıdır”.
Tədqiqatçının ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində gördüyü möhtəşəm işləri, Ərşad Hürmüzlü də layiqincə qiymətləndirmişdir:
Əta Tərzibaşının «Kərkük xoyratları və maniləri», «Kərkük şairləri», «Kərkük havaları» və neçə-neçə başqa əsəri yeni bir cığır açmış və bu gün bir çox yazarımıza folklor və milli dəyərlərə (mədəniyyətə) uğraşma yolunu göstərmiş və buna yönəltmişdir. Əta Tərzibaşının lider olmaq səlahiyyəti (öndərliyi) və rəhbərliyi, tarixi bir missiyanı çox bacarıqla yerinə yetirdiyinin göstəricisidir”.
Əta bəylə ilk tanışlığım 1964-cü il sentyabr ayının 26-da Bağdadda İraq-türkman nadisində (mədəniyyət mərkəzi) olub. Hər il ali məktəblərə daxil olan türkman gənclərinin şəninə bu mədəniyyət ocağında şənlik düzəldir, ölkənin hər yanından ziyalılar o şənliyə gələrdilər. Kərkükdən Əta Tərzibaşı da gəlmişdi. Qırx yaşı olmasına baxmayaraq, neçə-neçə kitabı, elmi məqalələri çıxmışdı. Hamı ona böyük ehtiram göstərirdi. Dostum Rza Dəmirçi bizi tanış etdi. Biləndə ki, Kərkük dialekti ilə məşğul oluram, dedi ki, ləhcəni folklor olmadan tədqiq etmək mümkün deyil. Sonralar da həm Kərkükdə onu ziyarət edərkən, həm telefon bağlantılarında, həm də məktublaşarkən həmişə dəyərli məsləhətləri ilə məni istiqamətləndirirdi. Ustadın əsərlərinin folklorşünas kimi yetişməyimdə rolu az olmayıb. Xocamın əsərlərindən bol-bol bəhrələnmişəm. Bu əsəri Əta bəyə həsr etməyim ona minnətdarlıq əlamətidir.
Əta Tərzibaşı həm görkəmli folklorşünas, həm də ədəbiyyatşünasdır. Onun ədəbiyyatşünaslıq sahəsində gördüyü gərəkli işləri, çap etdirdiyi kitablara istinadən təqribən belə qruplaşdırmaq olar:
«Əta Tərzibaşı və klassik İraq-türkman ədəbiyyatı», «Əta Tərzibaşı və çağdaş İraq-türkman ədəbiyyatı», «Füzuli yaradıcılığı Əta Tərzibaşının tədqiqatlarında», «Əta Tərzibaşının «İraq-türkman mətbuat tarixi» əsərində ədəbiyyat məsələləri», «Əta Tərzibaşı və Azərbaycan-İraq-türkman ədəbi-elmi əlaqələri» və s.
İraq-Türkman tarixində iz qoyan Əta Tərzibaşının gördüyü işlərin, xalqına göstərdiyi xidmətlərin miqyası barədə tam təsəvvür yaransın deyə əsərlərinin bir qisminin siyahısını burada verməyi münasib bildik:
- Şərqi və türkülər. Bağdad, 1953.
- Kərkük xoyrat və maniləri. III cilddə, 1-ci cild, Bağdad, 1955; 2-ci cild, Kərkük, 1956; 3-cü cild, Kərkük, 1957; Bakı, 1968.
- Kərkük xoyrat və maniləri (düzəliş və əlavələrlə). Bağdad, 1970, 344 səh., İstanbul, 1975, 592 səh., Bakı, 1984, 352 səh., Ərbil, 1999, 232 səh.
- Kərkük havaları. Bağdad, 1961; Bakı, 1973; İstanbul, 1980.
- Kərkük əskilər sözü. Bağdad, 1962; Bakı, 1978.
- Kərkük şairləri. II cilddə. 1-ci cild, Bağdad, 1963; 2-ci cild, Kərkük, 1968.
- «Arzu-Qəmbər» dastanı. Bağdad, 1964; Tehran, 1967; Bakı, 1971, 1987, 1990, 1999, 2009; İstanbul, 1971; Ərbil, 1999.
- Ərbil şairləri. III cilddə. Kərkük, 2004, 2005, 2007; İstanbul 2007.
- Kərkük mətbuat tarixi (1879-1985). Kərkük, 2001.
- Kərkük şairləri. Dörd möhtəşəm kitabda.
I kitab. 1 və 2-ci cildlər, İstanbul, Ötüken nəşr, 2013.
II kitab. 3, 4 və 5-ci cildlər, İstanbul, 2013.
III kitab. 6, 7, 8 və 9-cu cildlər. İstanbul, 2013.
IV kitab. 10, 11, 12 və 13-cü cildlər. İstanbul, 2013.
Bundan başqa, onun 268 elmi məqaləsi çıxmışdır.
Bu siyahı Əta Tərzibaşı haqda Əli Maarufoğlunun dediklərinə tam haqq qazandırır. Alimin əsərlərinin siyahısından o da məlum olur ki, tədqiqatçı İraq, Türkiyə və Azərbaycanda eyni dərəcədə tanınır. Əta Tərzibaşı yuxarıda göstərilən kitablarına qədər Azərbaycanda Xalq şairi Rəsul Rzanın onun «Kərkük xoyratları və maniləri» əsərinə istinadən yazdığı «Uzaq ellərin yaxın töhfələri» məqaləsi ilə tanındı. Məqalə «Azərbaycan» jurnalında (1960, №9) və Rəsul Rza ilə birgə hazırladığımız «Kərkük bayatıları» («Azərnəşr», 1968) kitabına yazdığı önsöz və mənim kitaba yazdığım son sözümdən tanıdılar. Əta bəyin 1964-cü ildə Bağdadda çap etdirdiyi «Arzu-Qəmbər» 1971-ci ildə Bakıda dastanını «Bir ömürdən səhifələr» adlı önsözlə çap etdirəndə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti akademik Məmməd Arif məni çağırıb dedi ki, Əta Tərzibaşı haqqında çox yazın, onun kitablarını çap etdirin. Özünə də xəbər verin ki, onu akademiyamıza fəxri üzv seçmək niyyətindəyik. Mən Rəsul Rzanın redaktorluğu ilə onun «Kərkük havaları» kitabından seçmələri «Kərkük mahnıları» və «Atalar sözləri» kitablarını önsözlə çap etdirdim.
Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmmədhüseyn Təhmasib, Ayaz Vəfalı və başqaları Əta bəy haqqında məqalələr yazdılar. Lakin Əta Tərzibaşı İraqda vəziyyətin qeyri-sabitliyini, böyük təhlükə ilə üzləşəcəyini nəzərə alaraq təklifdən imtina etdi. Bəlkə də, ehtiyatlı tərpənməsə idi, Səddam Hüseyn onu da bir bəhanə ilə məhv edərdi. Bunu professor Süphi Saatçı tam çılpaqlığı ilə açıb göstərmişdir: “Toplumuna Əta Tərzibaşı kimi xidmət edən insanları mənsub olduğu toplumlar əl üstündə tutarlar. Onlar üçün yubileylər düzənləyərək mükafatlandırarlar, təltif edərlər. İraqda uzun illər sürən diktator rejimi üzündən, həyatına bir zərər dəyməsin deyə, türkman toplumunun bu önəmli kültür adamına gərəkən qədirşünaslıq göstərilməmişdir. Tərzibaşıya hər hansı bir xidmətdə bulunmaq təhlükəli görülmüşdür”.
Göründüyü kimi, Əta Tərzibaşının Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü olmaqdan imtina etməsi səbəbsiz deyilmiş.
Qürur hissi ilə demək istəyirəm ki, Bakıda (2016-cı il) və Kərkükdə (2017-ci il) prof.Dr. Məhərrəm Qasımlı və Dr. Mustafa Ziyanın ön sözü ilə çap olunan, VI fəslindən ibarət “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” monoqrafiyamızda alimin “Həyatı və ilk yaradıcılıq illərindən, xoyrat və manilərə, xalq havaları və türkülərə, Aşıqlar, aşıq havaları və dastanlara, xüsusən də “Arzu-Qəmbər” dastanına, atalar sözləri və məsəllərinə dair tədqiqatlarından söz açmış, müqtədir araşdırıcının “Azərbaycan-İraq-türkman ədəbi-elmi əlaqələri” mövzusunda tədqiqatlarını gündəmə gətirmişik.
Türk dünyasının görkəmli simalarından biri Əta Tərzibaşının anım gününə toplaşan elm adamları, vətənpər insanlar tədqiqatçının yaradıcılığını hamınız dərindən bilirsiniz.
Türk dünyasında yaxşı tanınan prof. Dr. Ahmet Bican Ercilasunun və prof. Dr. Mahir Nakipin məruzələri də bir daha bunu təsdiq edir. Odur ki, vaxtınızı çox aldığıma görə sizdən üzr istəyərək önəmli bir məsələdən söz açaraq məruzəmi yekunlaşdırıram.
Minnətdarlıq hissi ilə yada salmaq istəyirəm ki, 1962-ci ildə İraqa ilk səfərim ərəfəsində xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraq-türkman folkloru və ədəbiyyatı ilə bağlı maraqlı yazılarını oxumuş, mərhum akademik M.Şirəliyevin Kərkük ləhcəsi barədə dəyərli məsləhətlərini dinləmişdim. O vaxtdan məndə Kərkük ləhcəsi və folkloruna maraq oyanmışdı. Sonralar bu maraq məcrasını dəyişərək məhəbbətə çevrildi. Bu məhəbbətin arxasında İraqda keçirdiyim altı ilin acılı-şirinli anları, artıq əbədiyyətə qovuşan, eləcə də yaşayıb-yaradan tədqiqatçılar durur.
Əta Tərzibaşı, Şakir Sabir Zabit, Məhəmməd Xurşid, İbrahim Daquqi, Əbdüllətif Bəndəroğlu, İhsan Vəsfi Allahın rəhmətinə qovuşublar. Süphi Saatçı, Mahir Naqib, Ərşad Hürmüzlü, Mustafa Ziya, Şəmsəddin Küzəçi, Həbib Hürmüzlü və başqaları indi İraqın hüdudları xaricində də tanınır və İraq-türkman folklorunu, ədəbiyyatını və mədəniyyətini layiqincə təmsil edirlər.
Onların hamısını ehtiramla anır və bəzən öz-özümə fikirləşirəm: “Məni İraq-türkman folkloruna, onu yaradıb-yaşadanlara belə dərindən bağlayan nədir?” Göz önünə ilk olaraq Azərbaycanda İraq-türkman folkloruna xalqın dərin məhəbbəti və doğmalıq hissi gəlir. Özüm üçün bir daha “kəşf” edirəm ki, doğmasını sevməmək mümkün olmadığı kimi, onu unutmaq, ona yad münasibət bəsləmək də mümkün deyildir. Başqa bir tərəfdən də düşünürəm: parçalanmağa məruz qalmış xalqın ellikcə yaratdığı sərvət üçün bağlı qapılar, keçilməz yollar yoxdur. Əta Tərzibaşı kimi bu əvəzsiz işə ömür həsr edən dəyərli insanların sayəsində nə kəsilən yollar, nə illər mənəvi ayrılığa gətirib çıxara bilməmiş, qismətimizə düşən cismani ayrılıq olmuşdur. Bu, gün kimi aydın həqiqət böyük şəxsiyyət və görkəmli alim Əta Tərzibaşıya həsr etdiyim əsərin hər səhifəsində özünü aşkar hiss etdirir və əsrlər arxasından haray çəkən bu mənəvi birliyin əbədiyyət nəğməsini oxuyur.