Əta Tərzibaşı-100 Kərkükün Sönməz Türk Ocağı

20

Sabir Rüstəmxanlı

Əta Tərzibaşı-100 Kərkükün Sönməz Türk Ocağı

Doğma qardaşlarımız olan İraq türkmanlarının yetirdiyi böyük fikir və söz adamı, görkəmli ədəbiyyatşünas-alim Əta Tərzibaşı haqqında danışmaq əslində İraq türkmanlarının XX yüzildə keçdiyi yoldan, Türk dünyasının ədəbi-mədəni həyatında İraq türkmanlarının yerindən və Kərkükün tarixindən, bitməz savaşından danaışmaq deməkdir. Onun xarakteri və ədəbi şəxsiyyəti haqqında düşünəndə, nədənsə, bizim XX əsrin əvvəllərində yaşamış böyük maarifçilər nəsli və sovet dövründə onların davamçıarı olmuş alimlərimiz, böyüklərimiz düşür yadıma. Görüşdülər-görüşmədilər aralarında çox bənzər cəhətlər var: universallıq, böyük vətən eşqı, dərin ədəbiyyat, dil və folklor bilgisi, fədakarlıq, yorulmadan çalışmaq və s.

Bu qeydlərimi yazarkən ilk növbədə 1994-cü ildə Kərkükdə Əta Tərzibaşını ziyarət etmək üşün evinə getdiyimiz günü xatırlayıram. Bu ziyarət Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə İraqa səfərimiz zamanı baş tutmuşdu. Əslində o səfər həyatımızın gözlənilməz, qeyri-adi bir olayı idi. Azərbaycan respublikasının 110 nəfərdən artıq ziyalısı – yazıçılar, bəstəkarlar, rəssamlar, musiqiçilər, kino xadimləri dörd avtobusla İrandan – Güney Azərbaycan torpaqlarından keçib İraqa getmişdik. Bu, tarixi bir səfər idi və təfərrüatı ilə yazılmalıdır.

Öncə onu deyim ki, İran onun ərazisindən keçməyimizə mane olmamışdı, lakin yol elə seçilmişdi ki, Təbrizi görməyək! Lakin əvəzində Qəzvindən, Həmədandan keçdik, yol boyu hər yerdə İran türkləri ilə rastlaşdıq və belə bir təəssürat yarandı ki, İran elə başdan-başa türkdür, türklərindir.

Bağdadda o vaxt baş nazirin müavini olan xalq yazışısı Elçinlə məni (Mətbuat və İnformasiya naziri idim) İraqın o vaxtkı rəhbəri Səddam Hüseyn qəbul etdi. İraqın Batı ölkələri tərəfindən sıxışdırıldığı, yolların bağlandığı vaxt idi və biz gedişimizlə bu qamarqa hökmlərini aşmışdıq.. Buna görə də nümayəndə heyətimizə həssaslıqla yanaşılırdı.

Görüşümüz qəribə bir şəraitdə keçirdi. Şirmayıların arxasından bizə tuşlanmış avtomatların lülələri görünürdü. Bir neçə nazir otağın ayaq tərəfində farağat durumunda sıralanmışdılar. Səddam Hüseyn yorğun və qayğılı görünürdü. Azərbaycandan belə bir böyük nümayəndə heyətinin dünyadan təcrid vəziyyətində olan İraqa səfərindən məmnunluğu hiss olunurdu. Öncə Füzuliyə İraqda olan sevgidən danışdı, Sonra Asərbaycanla maraqlandı, Azərbaycan prezidenti Heydər Əliyevə salam göndərdi; dedi ona çatdırın ki, İranın şimalında, Əhər bölgəsində böyük mis mədənləri var və o mədənləri farslar ermənilərlə bir yerdə istismar edirlər. Axırda ciddi şəkildə “ümumiyyətlə, İrana inanmaymın- dedi,- bağda bir alma agacı görsəniz, İran desə ki, bu alma ağacıdır, inanmayın; yaxınlaşıb ağacdan asılmış meyvələri görsəniz, İran “bunlar almadır” desə inanmayın; hətta almanı budaqdan üzüb yeyəndə də İran dediyinə görə onun alma olduğuna inanmayın. Çünki İranın aldığı nəfəs də yalandır; düz sözü yoxdur.”

Söhbətin axırında Səddam Hüseyn bizdən nə arzumuz olduğunu soruşdu. Mən “Kərkükə getmək istəyirik” dedim. O, ayaqüstə bizim söhbətimizi izləyən mədəniyyət nazirini çağırıb tapşırığını verdi: “Azərbaycanlı qonaqlarımızın Kərkükə getməsinə şərait yaradın!”

Beləliklə, erətsi gün Kərkükə yola düşdük. Təxminən 250 km. quzeyə doğru yol gedəcəkdik. İnana bilmirdik, biz xəyallarımızın, arzularımızın şəhərinə gedirdik.

Kərkük mənə Gəncəni xatırlatdı, hər cəhətdən doğma idi. Azərbaycan musiqiindən ibarət gözəl bir konsert verildi; sabaha kimi yatmadıq, Kərkükün küçələrində dolaşdıq.

O səfərin iki olayı hafizəmə ömürlük həkk olunub. Onlardan biri şəhər kənarında Baba Gur-Guru ziyarətimiz idi. Bura minillər boyu sönməyən oduyla, yerdən şölələnib qalxan alov dilimləri ilə bizim Yanar Dağı xatırladır. Fərq ondadır ki, Baba Gur-Gur düzəngahın ortasındadır və xırman boyda bir yeri dövrələyən alov halqasıdır. Baba Gur-Gur Kərkükün barmağına Allah tərfindən taxılmış bir odlu nişan üzüyüdür.

İkinci unudulmaz hadisə İraq türkmanlarının böyük övladı, Azərbaycanda da yaxşı tanınan böyük ədəbiyyatşünas-alim Əta Tərzibaşı ilə görüşümüz idi. Azərbaycan Yazarlar Birliyinin sədri Anar, tanınmış ziyalilarımızdan Ayaz Vəfalı, Yaşar Qarayev, Qəzənfər Paşayev və mən yerli şairlərdən Mustafa Ziyanını müşayəti ilə Əta Tərzibaşının evinə getdik.

Uzun müddət İraqda yaşayıb işləmiş Qəzənfər Paşayevi burda hər kəs tanıyır və əziz adamları kimi qəbul edirdilər.

Əta Tərzibaşı mənə ilk baxışda Şəhriyarı xatırlatdı. Müdrik adam idi və müştərək ədəbiyyatımız haqqında xeyli maraqlı söhbətlər etdi: bilmədiyimiz mövzulara toxundu; İraq türkmanlarının ədəbiyyat və folklor nümunələrinin toplanması və öyrənilməsi sahəsində görümüş işlərdən danışdı.

Sakit, təvazökar adam idi. Hiss olunurdu ki, duyğularını biruzə verməyi, özü haqqında danışmağı xoşlamır. Ancaq Füzulinin yubileyinin Azərbaycanda belə yüksək səviyyədə qeyd olunması, bu boyda böyük bir nümayəndə heyətinin Güney Azərbaycandan keçərək İraqa gəlməsi onu şox sevindirmişdi. Özəlliklə Kərkükə buraxılmağımıza təəccüblənmişdi. Səddam Hüseyn rejiminin iç üzüni yaxşı bilirdi; çox vaxt Azərbaycanla yaxınlığını dilə gətirməkdən çəkinmişdi. Ömrününün bir hissəsi sürgündə keçmişdi. Birdən-birə buz qırılmış və adlarını eşidib üzlərini görmədiyi döğma insanlar onun qapısını döyüb ziyarətinə gəlmişdilər.

Hamıya diqqətlə baxır, hamının sürətini gözünə köçürmək istəyirdi.

Öncə Anar bəy danışdı, xalq şairi Rəsul Rzanın İraqa səfərini, bu səfərdən sonra yazdığı məqalə və şeirlərini (Rəsul Rza özü də Kərkük bayatılarından seçilməyən gözəl bayatılar yazmıçdı.), nəşr etdirdiyi kitabları xatırlatdı və bundan sonra Azərbaycanda yüksələn İraq-türkman segisindən, bu işdə Əta Tərzibaşının rolundan bəhs etdi. Əta Tərzibaşını AYB ssıralarına üzv qəbul edilməsi xəbərini verdi və üzvlük biletini təqdim etdi.

Mən Azərbaycan türkləri ilə İraq türklərinin tarixi yaddaşının, birlik və bütövlük duyğularının dirçılməsndə folklorun, o cümlədən Əta Tərzibaşının kitablarınin böyük etkisi və əhəmiyyətindən danışldım.

Ayaz Vəfali və Yaşar Qarayev Füzulişünüslığın inkişfında Əta Tərzibaşının araşdırmalarıının necə ciddi rol oynadığından bəhs etdilər.

Qəzənfər Paşayev köhnə görüşlərindən söz açdı, bildirdi ki, İraqa Kərkük ləhcəsini öyrənməyə gəlsə də onu folklor araşdırmaçılığı işinə məhz Əta Tərzibaşının məsləhətləri yönəltmişdir.

Əta Tərzibaşı İraq Türkmanlarının taleyində özəl xidmətləri olan adamlardandır, O, ixtisasca hüquqşünas idi və bütün ömrünü öz çəfakeş xalqının hüquqlarının müdafiəsinə, milli kimliyinin öyrənilməsinə həsr etmişdir. Bütün müdrik adamlar kimi bilirdi ki, xalqı birləşdirməyin, səfərbər etməyin, qorumağın başlıca yollarından biri onun özünüdərki, tarıxındən və mədəniyyətindən xəbərdar olmasıdır. Bu xidmət də sərkərdəlikdir; döyüş cəbhəsində yox, mədəniyyət sahəsində…

Əta Tərzibaşı ensiklopedik bilik sahibi idi. Elmi araşdırmalarının dairəsi çox genişdir: Ədəbiyyatşünaslıq, tənqidçilik, publisistika, dilçilik, musiqişünaslıq, folklor araşdırmaçılığı… Bu fikrimizi təsdiq üçün onun kitablarşnın bir neçəsinin adını xatırlatmaq yetərlidir: “Kərkük xoyratlari və maniləri”(3-cild), “Kərkük şairləri” (13-cild),,”Kərkük havaları” , “Kərkük atalar sözü”, “Arzu Qənbər “dastanı, “Kərkük mətbuat tarıxi” ,”Füzuli haqqında yazılar”

O, Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Nəsimi, Füzuli, Şəhriyar haqqında geniş elmi araşdırmalar aparmışdır.

Bu il görkəmli alimin anadan olmasının 100 illiyidir və yəqin ki bu yubiley Azərbaycan yazıçılar birliyi və TÜRKSOY tərəfindən geniş qeyd olunacaqdır.

Əta Tərzibaşı ilə bağlı bu yazımı böyük şairimiz Rəsul Rzanın Kərkük haqqında bir neçə bayatısı ilə bitirirəm:

 

Bağdaddan karvan gəlir,

Dərdli, pərişan gəlir.

Kimlər qurban kəsilib,

Sularım al qan gəlir.

***

Mosulun yolu daşdı,

Yollar qana bulaşdı,

Bir-birinin qənimi

İki insan-qardaşdı.

***

Kərkük üstü dumandı,

Kərkük oda qalandı,

Kərbəla müsibəti

Buna baxsan yalandı…

5.03.2024