Orxan İsayev – Əta Tərzibaşının Ədəbi-Nəzəri Görüşləri

23

Orxan İsayev

Əta Tərzibaşının Ədəbi-Nəzəri Görüşləri

 

Xülasə (Özet)

Əta Tərzibaşı İraq türkmanlarının ən böyük alimi hesab olunur. 1924-cü ildə Kərkükdə doğulan Əta bəy ixtisasca hüquqşünas olsa da, ömrünün çox hissəsini elmi tədqiqatlara həsr edib. O, İraq ərazisində yaşayan türkmanların dili, tarixi, etnoqrafiyası, folkloru, ədəbiyyatı ilə bağlı uzun illər araşdırmalar aparıb, elmi məqalələrini İraqda və digər ölkələrdə nəşr etdirib.

Əta Tərzibaşının elmi fəaliyyətində ədəbiyyatla bağlı araşdırmaları xüsusi yer tutur. Ərəb və türk dillərini dərindən bilməsi alimə İraq-türkman ədəbiyyatını daha dərindən tədqiq etməyə imkan vermişdir. O, həm ədəbiyyat tarixi, həm nəzəriyyə, həm də tənqidlə bağlı onlarla məqalənin və bir neçə kitabın müəllifidir.

İraq-türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatının bir qolu hesab olunur. Bu haqda Əta bəyin özü də müxtəlif yazılarında dəfələrlə fikir söyləmiş, şifahi xalq ədəbiyyatının eyniliyinə dair bir çox misallar gətirmişdir. Klassik ədəbiyyatla, əsasən də Məhəmməd Füzuli yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar onu həm də füzulişünas kimi də tanıtmışdır. Əta Tərzibaşı təkcə Füzulinin ədəbi irsi ilə bağlı deyil, həm də həyatı ilə əlaqədar bir sıra qaranlıq məqamlara da işıq salmağı bacarmışdır. Təsadüfi deyil ki, ilk dəfə Füzulinin Kərkükdə anadan olması fikri də Əta bəyə məxsusdur.

Biz bu məqalədə Əta Tərzibaşının ədəbi-nəzəri görüşlərini tədqiq etməyə çalışmışıq. İraq-türkman ədəbiyyatını elmi və sistemli şəkildə məhz Əta bəy araşdırmışdır. Yazılı ədəbiyyatın şifahi ədəbiyyatla əlaqələrini, klassik İraq-türkman poeziyasının spesifik xüsusiyyətlərini, müasir şeir vəznlərini, növ və janrlarını da ilk dəfə olaraq Əta Tərzibaşı öyrənmiş və tədqiq etmişdir. O, İraq-türkman ədəbiyyatının elmi cəhətdən tədqiqi sahəsində məktəb yaratmağa nail olmuşdur. Yazdığı 13 cildlik “Kərkük şairləri”, 3 cildlik “Ərbil şairləri”, “Türkman kəşkülü”, eləcə də ayrı-ayrı şairlərə həsr edtdiyi “Kərküklü Şeyx Rza və türkcə şeirləri”, “Kərküklü Faiz”, “Kərküklü Qabil” və s. kitabları İraq-türkman ədəbiyyatının həm tarixini, həm də nəzəri xüsusiyyətlərini öyrənmək baxımından böyük önəm kəsb edir. Əta Tərzibaşının məqalələri də ədəbi-nəzəri görüşlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Müxtəlif illərdə ayrı-ayrı dərgi və jurnallarda işıq üzü görən “Ədəbiyyatda ləffü nəşr sənəti”, “Klassik şeirdə dövri-qəmər termini”, “Ədəbi sənətlərdən tövriyyə”, “Heca vəzni və gənc şairlərimiz”, “Saçma şeir” və s. bu qəbildəndir.

 Giriş

Tədqiqatçılar XX əsrin II yarısını milli İraq-türkman ədəbiyyatının intibah dövrü adlandırırlar. XX əsrdə İraq-türkman ədəbiyyatı inkişaf etmiş, klassik poeziya ənənələrinin və Osmanlı ədəbiyyatının təsirindən qurtulmuş, bir növ milliləşmə istiqaməti götürmüşdür. Erşad Hürmüzlü bu dövrü nəzərdə tutaraq yazır ki, yeni axınlara qapılan şeir və nəsr yazarlarımız gün keçdikcə çoxalır və elmi tədqiqatlar sürətlənirdi (9, s.18). Bu dövrdə İraq-türkman ədəbiyyatı ilə bağlı elmi araşdırmaların önündə Əta Tərzibaşı gəlirdi. Əta bəy folklor, dil, tarix, etnoqrafiya və s. sahələr üzrə də yorulmadan tədqiqatlar apardığı kimi yazılı ədəbiyyatla da ciddi şəkildə məşğul olur, kitablar çap edir, müxtəlif qəzet və jurnallarda məqalələr nəşr etdirirdi. Şübhəsiz ki, milli İraq-türkman ədəbiyyatının intibah dövrünün elmi tərəfi Əta Tərzibaşının adıyla bağlıdır. Ərəb və türk dillərini dərindən bilən tədqiqatçı təzkirə, cüng, ədəbi qaynaqlar, arxiv sənədləri ilə işləmək bacarığı sayəsində İraq-türkman ədəbiyyatı ilə bağlı müxtəlif dövrlərdə yazılan əsərləri toplama və tərtib işi görməklə kifayətlənməmiş, həm də bu ədəbi nümunələri elmi-nəzəri cəhətdən də tədqiq etmişdir. Əta bəy bu fəaliyyəti sayəsində təkcə İraq türkmanları arasında deyil, həm ərəb, həm də türk xalqları arasında görkəmli alim kimi tanınmışdır. Professor Qəzənfər Paşayev 2015-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Əta Tərzibaşı və Azərbaycan – İraq-türkman ədəbi-elmi əlaqələri” adlı məqaləsində yazır: “Göstərilənlər kifayət edir ki, tədqiqatçı haqqında şair Əli Maarufoğlunun dediklərinə tam haqq qazandırasan: “XX əsrin birinci yarısında ölümə məhkum olan ədəbiyyatımız (ingilislər İraqı tutduqdan sonra), XX əsrin ikinci yarısında Əta Tərzibaşının sayəsində yenidən dirçəldi”. Bu böyük alimin möhtəşəm əsərlər və şəxsi nümunəsi sayəsində İraq-türkman ellərində neçə-neçə folklorşünas və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Çəkinmədən deyə bilərik ki, Əta Tərzibaşı folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində məktəb yaratmışdır”(7, s.240-241). Əta bəyin ədəbiyyatşünaslıq sahəsində yaratdığı məktəb bu gün də İraq-türkman ədəbiyyatının tədqiqi ilə məşğuldur. Bu məktəbin nümayəndələri Tərzibaşının elmdə cızdığı xəttə sadiq qalır və bu yöndə öz araşdırmalarını aparırlar.

Əta Tərzibaşının əsərlərinin nəşri

Əta Tərzibaşıya qədər İraq-türkman ədəbiyyatşünaslığında, əsasən folklorla bağlı müəyyən işlər görülmüş, daha çox şifahi xalq ədəbiyyatı nümunələri toplanıb dərc edilmişdir. İlk dəfə Kərkük şairlərinin əsərlərinin və xalqın dilində dolaşan xoyratların toplanması və nəşri Molla Sabirin adıyla bağlıdır. “Kərküklü Böyük Hafiz Molla Mehmet oğlu Molla Sabir (Kərkük, 1833-1961) Kərkükün sosial həyatı və xəlqiyyatına dair nümunələri ilk toplayan yazar və araşdırmaçıdır”(10, s.38). Topladığı Kərkük şairlərinin əsərlərini çap etdirə bilməsə də, xoyratlardan ibarət üç cildlik “Kərkükün müntəxab xoyratları” adlı kitabı yayınlaya bilmişdir. Molla Sabirin böyük çətinliklə ərsəyə gətirdiyi bu kitabın əhəmiyyətini azaltmadan qeyd etmək lazımdır ki, Kərkük xoyratlarının toplandığı əsərdə elmi-tədqiqat işi nəzərə çarpmasa da, tədqiqatçılar Molla Sabirin əsərindən istifadə edərək bir sıra elmi-nəzəri fikirlər irəli sürmüşlər. “Türkiyə Etnoqrafiya Muzeyinin direktoru Həmid Zubeyr Qoşa Ay Molla Sabirin “Kərkük müntəxab xoyratları” kitabına yazdığı “Ön söz”də V.Radlovun “xoyrat-xoyrad”ın “köylü” və “qaba” mənasında işlənərək, əslində, yunanca “xoyratus” sözündən olduğu fikrinə qarşı çıxır və xoyrad sözünün türk mənşəli olduğu fikrini irəli sürür”(6, s.107). “Kərkük müntəxab xoyratları” əsəri XX əsrdə kifayət qədər təhlil edilib. Ümumiyyətlə, Kərkük xoyratları ilə bağlı tədqiqat aparan alimlərin böyük əksəriyyəti bu əsərə müraciət edib. Bu tədqiqatçılar arasında Əta Tərzibaşı öndə gəlir. Alim Molla Sabirin bu qiymətli əsərinə dəfələrlə istinadlar edib, “Kərkük müntəxab xoyratları”nı hərtərəfli tədqiqata cəlb etməyə nail olub.

Əta Tərzibaşının müəllifi olduğu “Kərkük xoyratları və maniləri” üç cildlik kitabda isə alim xoyrat və manilərdən nümunələr təqdim etməklə yanaşı onların janr xüsusiyyətlərini, strukturunu və poetik biçimlərini də elmi cəhətdən araşdırmışdır. Əta bəy xoyrat və manilərlə yanaşı atalar sözləri, lətifələr, xalq mahnıları, dastanlar və digər şifahi xalq ədəbiyyatına aid janrlarla bağlı elmi-tədqiqat işləri aparsa da, onun ədəbi-nəzəri görüşlərinin əsasını İraq-türkman yazılı ədəbiyyatı təşkil edir. “Təcrübə göstərir ki, nəzəri təlim hər milli ədəbi fikrin öz daxili inkişaf qanunauyğunluğu məntiqi ilə uyuşmadıqda orada çətin bərqərar olur”(12, s.51). İraq-türkman ədəbiyyatının tarixinə və inkişaf qanunauyğunluğuna dərindən bələd olan Əta Tərzibaşının nəzəri görüşlərində də bu amil hiss edilir. 1964-cü ildə “Qardaşlıq” dərgisində dərc etdirdiyi “Yeni şeir üzərinə” adlı məqaləsində yazır: “Hələ biz türklərin əruzdan başqa milli vəznimiz olan hecaya davamlı olaraq könüldən bağlanmağımız milli bir vəzifə sayılmalıdır”(11, s.216). İraq-türkman ədəbiyyatına nəzər saldıq da, görkəmli alimin nə qədər haqlı olduğu görünür. İraq ərazisində yaranan türkdilli ədəbiyyatda poeziyanın hər üç növünə rast gəlinsə də, heca vəznində yazan və xalq şeir üslubuna əməl edən şairlərin sayı daha çoxdur. “…. heca vəznli şeirlərdə daha çox Türkman elinin tarixindən, kənd və şəhərlərindən, görkəmli şəxsiyyətlərindən, adət-ənənələrindən, etnoqrafiyasından, ictimai həyatından, təbiətindən, fauna və florasından, xalqın tale yüklü dərdlərindən, üz vermiş bəlalarından bəhs edilir”(8, s.345-346).

Əta bəyin həm sağlığında, həm də vəfatından sonra işıq üzü görən əsərləri İraq-türkman ədəbiyyatının və folklorunun tədqiqi baxımından xüsusi önəm daşıyır. Onun 13 cild “Kərkük şairləri”, 3 cild “Ərbil şairləri”, “Kərkük mətbuat tarixi”, “Sərgüzəşti Səadət”, “Türkman kəşkülü”, “Kərküklü Şeyx Rza və türkcə şeirləri” və s. əsərləri daha çox ədəbiyyat tarixi ilə bağlı olsa da, hər birində ədəbi-nəzəri görüşlərə rast gəlinir. Bura şifahi xalq ədəbiyyatı ilə bağlı tədqiqat əsərlərini də əlavə etmək olar. Çünki Əta bəy folklor nümunələrini təkcə toplamaq və nəşr etmək işi ilə məşğul olmamış, həm də onları nəzəri və tarixi cəhətdən tədqiq etmişdir. Onun “Şərqi və türkülər”, “Kərkük havaları”, “Kərkük əskilər sözü”, “Kərkük xoyratları və maniləri” və s. əsərləri bu qəbildəndir. Ümumiyyətlə, Əta Tərzibaşı ədəbiyyat tarixini nəzəri müddəalarla birgə tədqiq etməyə üstünlük verib. Bu onun hər bir əsərində açıq-aydın görünür. Kitablarından əlavə yüzlərlə məqaləsi də İraq-türkman ədəbiyyatının ədəbi-nəzəri fikrində önəmli rola malik olub. Əta bəy İraqla yanaşı bir çox ərəb ölkələrinin, eləcə də Türkiyə və Azərbaycanda nəşr olunan elmi jurnalların bir çoxunda məqalələri işıq üzü görüb. Əta Tərzibaşı haqqında ilk böyük həcmli monoqrafiya 2016-cı ildə Bakıda professor Qəzənfər Paşayevin müəllifliyi ilə işıq üzü görüb və “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” adlanır.

 Ədəbi-nəzəri görüşləri

Əta bəyin ədəbi-nəzəri görüşlərində millilik ana xətt kimi keçməkdədir. Professor Şirindil Alışanlı yazır: “Ədəbiyyatşünaslıq elm kimi ümumi keyfiyyətlərə malik olmaqla yanaşı, həm də milli hadisədir. Bədii fikirdə olduğu kimi, nəzəri fikirdə də milli məzmun kəsb etməyən ideyalar qəbul edilmir”(12, s.51). Əta bəy ədəbiyyatşünaslıqla bağlı yazılarında milli dəyərləri ön planda saxlayır. Türkman şairlərinin son zamanlar heca vəzninə üstünlük verməsini Əta Tərzibaşı məmnunluqla qarşılayır. Apardığı tədqiqatlarla sübut edir ki, istər əruz vəzni, istərsə də sərbəst şeir türk millətinə yaddır: “Əskidən bu vəznin sənət dəyərini kiçildən divan şairləri bizə yad sayılan əruz vəznini böyük diqqətlə işləmişlər. Xalq şairləri isə heç bir zaman hecadan istifadə etməkdən özlərini saxlaya bilməmişlər”(11, s.107). Alimin ilk vaxtlar sərbəst şeiri qəbul etməməsi və onu “özbaşına şeir” adlandırmasının səbəblərindən biri də məhz budur. Digər bir səbəb kimi isə sərbəst şeirin vəzn və musiqi ahənginə uyğun gəlməməsini göstərir. “Sərbəst şeiri əsl şeirin əksinə önəmsiz bir iş olub, yalnız fitri-istedada malik olmayan aydınlar asanlıqla bacarmaqdadırlar. Bu növ şeirdə ara-sıra qafiyəyə bağlılıq göstərilsə də, vəznə və musiqi ahənginə qətiyyən önəm verilməməklə gəlişi gözəl sözlər nəsr şəklində düzülməməkdədir”(11, s.174). Başqa bir məqalədə yazır: “Sərbəst şeiri yəhərin altına qoyulan keçə parçasına bənzətsək, o, nə yəhərdir ata layiq ola, nə də palandır eşşəyə uyğun gələ”(11, s.217).

Əta Tərzibaşının sonrakı elmi fəaliyyətinə nəzər saldıqda, onun sərbəst şeir haqqında fikirlərinin dəyişdiyinin şahidi oluruq. Professor Qəzənfər Paşayev “İraq-türkman poeziya antologiyası”nın I cildində yazır ki, Əta Tərzibaşı Əbdülxaliq Bayatlının şeirləri ilə tanış olduqdan sonra şairin yaradıcılığından zövq alır və sərbəst şeir haqqında düşüncələri dəyişir (5, s.29). Əta Tərzibaşının Əbdülxaliq Bayatlı yaradıcılığına verdiyi yüksək qiymət alimin 13 cildlik “Kərkük şairləri” kitabında da öz əksini tapıb. Əta bəy yazır: “Onun çox sadə və özünəməxsus dillə yazdığı canlı və cəlbedici mənzumələri bir baxımdan insana xoş təsir bağışlamaqdadır. Hələ şeirlərini özü oxuyarkən əl və səs hərəkətləri ilə gəncləri necə coşdurub duyğulandırdığına şahid olmuşuq. Bayatlı əsərlərini zaman və zəminə görə seçməyi bacaran sənətçidir”(2, s.217). Bu bir daha sübut edir ki, Əta bəy daim axtarışda olmuş, müasir poeziyanı yaxından izləmişdir. Hər hansı bir məsələ ilə bağlı fikir və düşüncələrində dəyişikliyin olması da təbii qəbul edilməlidir. Ömrünün 60 ildən çoxunu elmi tədqiqata həsr edən bir alimin hər bir tapıntısı onda müəyyən qənaət hasil edir. Ədəbiyyatın daim dəyişdiyini, yeniləndiyini nəzərə alsaq, bu sahədə hər hansısa fikir dəyişikliyi başadüşüləndir. Əta Tərzibaşı hər bir ədəbiyyat nümunəsinə və ya ədəbi hadisəyə adi oxucu kimi deyil, bu sahəni dərindən bilən, İraq-türkman ədəbiyyatına sistemli elmi baxış gətirmiş tədqiqatçı kimi yanaşır. Alimin 13 cildlik “Kərkük şairləri” və 3 cildlik “Ərbil şairləri” kitabı ilə tanış olan hər kəs yazdıqlarımızın təsadüf olmadığını təsdiq edir. Adətən bu tip antologiyalar ədəbiyyat tarixçiliyinə aid olur. Antologiya müəllifləri seçib əsərə daxil etdikləri sənətkarları müəyyən dövrlər üzrə sistemləşdirir və yaradıcılıqlarından nümunələr təqdim etməklə kifayətlənirlər. Əta bəyin müəllifi olduğu bu iki əsər də ədəbiyyat tarixçiliyinə yaxındır. Müəllif özü “Kərkük şairləri”nin “Ön söz”ündə yazır ki, bu əsəri yazmaqla gələcəkdə İraq-türkman ədəbiyyat tarixini hazırlamaq üçün ilk addımı atmış olduq (1, s.11). Lakin istər “Kərkük şairləri”, istərsə də “Ərbil şairləri” əsərini yalnız ədəbiyyat tarixi ilə bağlamaq və ya bu cür təqdim etmək doğru olmazdı. Çünki hər iki əsərlə tanış olduqda Əta Tərzibaşının kifayət qədər ədəbi-nəzəri fikirlərinin şahidi oluruq. Bəzi hallarda isə müəllif hər hansı bir sənətkarın əsərinə tənqidçi kimi yanaşmaqdan belə çəkinmir. Əta Tərzibaşı “Kərkük şairləri” kitabında yer verdiyi sənətkarların həyat və yaradıcılıqları ilə yanaşı əsərlərindən də nümunələr təqdim edir. Alim bu nümunələri öz əsərinə kortəbii şəkildə daxil etməmişdir. O, hər bir şeirin janrını, strukturunu müəyyənləşdirmiş, əruzda yazılan şeirlərin hansı təfilədə yazıldığını qeyd etmiş, bəzi hallarda müxtəlif nöqsanları da aşkar edərək oxucuya çatdırmışdır. Məsələn, “Kərkük şairləri”nin I cildində Mustafa Bədrinin “Ey şəm-i ruhun əncümənarayi qiyamət” misrası ilə başlayan qəzəlini təqdim edir və 5-ci beytdə vəznin pozulduğunu göstərir (1, s.54). Və yaxud Seyid Mahmud Örfinin Rəncuri adlı şairin qəzəlinə yazdığı təxmisin

“Sevibdir şəhr-i Kərkük içrə könlüm bir xuramanı,

Ki bir naz ilə viran eylər Bağdad-u Basranı” – beytində yenə vəznin pozulduğunu qeyd edərək yazır: “Vəzn pozulub. Düzəlməsi bir neçə şəkildə ola bilər: 1. Ki bir naz ilə viranə edər Bağdad-u Basranı, 2. Ki bir nazla viran eylər həman/qamu Bağdad-u Basranı. 3. “Eylər”, “eyilər” kimi oxunarsa vəzn düzələr”(1, s.104). Əta bəyin “Kərkük şairləri” əsərində bu cür qeydlərə dəfələrlə rast gəlirik. Bu bir daha alimin əsər üzərində nə qədər diqqətlə çalışdığını sübut edir. Əta Tərzibaşının ədəbiyyat nəzəriyyəçisi kimi yanaşması əruz vəznində yazılmış şeirlərdə özünü daha çox göstərir. Bu alimin həm klassik ədəbiyyata, həm də əruz vəzninin incəliklərinə dərindən bələd olmasının göstəricisidir. Erşad Hürmüzlü “Ustad Əta Tərzibaşı… zəngi iki dəfə çalsanız!” adlı məqaləsində bir hadisəni xatırlayaraq yazır: “Qaraxanlılar zamanında yazılmış “Qutadqu Bilik” mövzusunda Yılmaz Öztunadan tərcümə edərkən bir xətaya yol vermiş və vəznin “fa’ülün fa’ülün fa’ülün fail” vəzniylə yazıldığını qələmə almışdım. Bu xüsus Əta Tərzibaşının diqqətindən qaçmamış və vəznin “fa’ülün fa’ülün fa’ülün fa’ül” olduğunu qeyd etmişdi”(9, s.18). Əruz vəzninə incəliklərinə qədər bələd olması, klassik poeziyanı bir əruzşünas kimi tədqiq etməsi alimin bu sahəyə nə qədər dərindən bələd olduğunu göstərən önəmli faktlardan biridir.

Əta Tərzibaşının ədəbi-nəzəri görüşlərini ümumiləşdirib üç qrupa ayırmaq olar:

  1. Füzuli irsi ilə bağlı ədəbi-nəzəri görüşləri;
  2. Klassik ədəbiyyatla bağlı ədəbi-nəzəri görüşləri;
  3. Müasir İraq-türkman ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri görüşlə

Alimin Məhəmməd Füzuli yaradıcılığına yanaşması, sözsüz ki, klassik poeziya ənənələri çərçivəsindədir. Lakin Əta Tərzibaşı Füzuli irsinə xüsusi münasibəti, İraqda doğulan dahi Azərbaycan şairi ilə bağlı uzun illər apardığı elmi-tədqiqat işləri alimin ədəbiyyatşünaslıq fəaliyyətində xüsusi yer tutur. Əta bəy Füzulinin doğum yeri ilə bağlı problemdən tutmuş, şeirlərində işlənən sözlərin mənalarına qədər bir çox mövzunu tədqiq etmiş, bu yöndə onlarla məqalə və bir kitab yazmağa nail olmuşdur. Doğrudur, “Füzulinin “İcmali Eşq” kitabının tərcüməsi” adlanan əsəri Tərzibaşının ədəbi-nəzəri görüşlərini özündə ehtiva edən kitab kimi təqdim edə bilmərik. Kitabda daha çox toplama-tərtib işi nəzərə çarpır. “Ən çox “Hüsnü Eşq” və “Səhhətü Mərəz” adıyla anılan bu farsca risaləni hicri 1316 miladi 1898-ci ildə kərküklü Süleyman Müfti bəyin “İcmali Eşq” adıyla tərcüməsidir. Əta Tərzibaşı əsər haqqında ümumi bir dəyərləndirmə yazaraq mütərcimin həyatını və tərcümənin mahiyyətini, kitabın mövzusunu ətraflı şəkildə oxuculara təqdim etmişdir”(3, s.50). Tərzibaşının Füzuli ilə bağlı yazdığı məqalələr həm ədəbiyyat tarixçiliyinə, həm də nəzəriyyəyə aiddir.

Əta bəy təkcə Füzulinin qəzəllərində işlənən söz və ifadələrin izahını verməklə kifayətlənmir, bu qəzəlləri nəzəriyyə yönündən də tədqiqata cəlb edir. Bu baxımdan Füzuli ilə bağlı əsər yazan digər alimlərin hansı səhvlərə yol verdiklərini aşkar etməkdən də çəkinmir. “Füzulinin iki qəzəlinin Tərlan tərəfindən edilən şərhindəki yanıltılar” adlı məqaləsində professor Əli Nihat Tərlanın müəyyən yanlışlıqlara yol verdiyini qeyd edir. Əta bəyə görə, Tərlan Füzulinin “Aşiq oldum yenə bir tazə güli rənaya” misrası ilə başlayan qəzəlinin ikinci beytində “ləblərin” sözünün yerinə “surətin” sözündən istifadə etməsi müvəşşəh şeirin qaydalarına ziddir və həm də qəzəlin mənasına xələl gətirir (4, s.158). Ümumiyyətlə, Əta Tərzibaşı Füzulinin bu qəzəlini müvəşşəh şeir hesab edir və əsərin bir başmaqçıya ithaf edildiyini yazır. Alimin “Məktublaşma ədəbiyyatı və Füzulinin bir qəzəli” adlı məqaləsində də bu qəzələ toxunur və iddiaları ilə bağlı azərbaycanlı alim professor Mirzağa Quluzadə ilə məktublaşır. Mirzağa Quluzadə şeirin dünyəvi eşqdən, məhəbbətdən bəhs etdiyini yazsa da, Tərzibaşı bununla razılaşmır və Füzulinin bu qəzəli başmaqçı dostuna ithaf etməsi fikrində israrla qalır. Bundan əlavə şeirdə işlənən “al”-“əl” və “bax”-“gör” sözləri də mübahisə doğurur. Məktubların mətnindən aydın olur ki, Əta Tərzibaşı şeirdə “əl” və “bax” sözlərinin işləndiyini, bununla da qəzəlin daha doğru və düzgün anlaşıldığını iddia edir.

Əta Tərzibaşının “Füzulinin yayınlanmamış bir loğazı”, “Füzuli haqqında: Bir yazı üzərinə”, “Füzulinin dili üzərinə notlar”, “Ay tutulması hadisəsi və Füzulinin bir beyti” və s. məqalələri alimin Füzuli irsini ədəbi-nəzəri cəhətdən nə qədər dərindən təhlil etdiyini göstərir. Bundan əlavə Əta bəy klassik ədəbiyyatla bağlı yazdığı məqalələrdə də tez-tez Füzulinin əsərlərindən misallar gətirir, mövzu ilə bağlı dahi şairin qəzəllərini tədqiqata cəlb edir.

Əta Tərzibaşı Füzulinin bu günə qədər məlum olmayan şeirlərinin tapılması, nəşri və ədəbi-nəzəri tədqiqi baxımından da mühüm işlər görmüşdür. O, təkcə tapdığı şeirləri nəşr etdirməklə kifayətlənməmiş, bu şeirlərin təhlilinə də xeyli əmək sərf etməklə füzulişünaslığa öz töhfəsini vermişdir.

Əta Tərzibaşı klassik ədəbiyyatın mötəbər tədqiqatçısıdır. Alim divan ədəbiyyatı nümayəndələri haqqında həm bioqrafik, həm də elmi-nəzəri əsərlərin müəllifidir. Ərəb dilini mükəmməl şəkildə bilməsi ədəbiyyatın klassik dönəmi ilə bağlı daha dərindən elmi araşdırmalar aparmasına imkan vermişdir. “Ədəbi sənətlərdən tövriyyə”, “Ədəbiyyatda ləffü nəşr sənəti”, “Ədəbiyyatımızda müvəşşəh şeir”, “Klassik şeirdə dövri-qəmər termini”, “Faizin şeir anlayışı”, “Kərküklü Faizin Novruziyyə qəsidəsi və açıqlaması” və s. məqalələri Əta bəyi nəzəriyyəçi alim kimi tanıdır. Tərzibaşı təkcə ayrı-ayrı ədəbi əsərləri nəzəri baxımdan tədqiq etməklə kifayətlənmir, həm də klassik poeziya terminlərinə toxunur, onların izahını və spesifik xüsusiyyətlərini aşkarlayır. Alimin “Ədəbiyyatımızda müvəşşəh şeir” məqaləsi bu baxımdan böyük maraq doğurur. Müəllif məqalədə iraqlı alim professor Taha Bakırın “Mesopotamiya ədəbiyyatı” adlı məqaləsinə istinad edərək bu şeir şəklinin qədim şumerlərdə mövcud olduğunu və daha sonra digər ərazilərə yayıldığını yazır (11, s.53). Əta bəy eyni zamanda professor Bakırın müvəşşəh şeirlə alliterasiyanı qarışdırdığını da xüsusi olaraq qeyd edir. Məqalədə oxuyuruq: “Amma bu da var ki, ustad Taha Bakır bu sənəti qərblilərin bildiyi akrostix və yaxud alliterasiya olaraq qəbul etməklə iki sənət terminini bir-birinə qarışdırmışdır. Belə ki, alliterasiya sənəti akrostixdən, yəni müvəşşəh şeirdən ayrı, beytlərin seçilmiş və musiqili sözlərlə bəzədilməsinə məxsus sənət növüdür”(11, s.54). Əta bəyin fikrincə, Şərq ədəbiyyatında müvəşşəh şeirin ilk örnəyini Məhəmməd Füzuli yaratmışdır (11, s.51). Əta Tərzibaşı məqalədə Füzulidən başqa Hamidən, Əhməd Faizdən, Abdullah Safidən, Mustafa Səlimdən də nümunələr təqdim etməklə müvəşşəh şeir barədə tam fikir formalaşdırır.

Əta Tərzibaşı müvəşşəh şeir şəklinin ərəb ədəbiyyatında da yerini dəqiq müəyyənləşdirmişdir. Türkman alim yazır ki, müvəşşəh şeir ərəb sözüdür, sonralar ədəbi termin kimi işlədilib. Bu terminin ərəb ədəbiyyatındakı müvəşşəh əndəlüsiyyə ilə heç bir əlaqəsi yoxdur. Ərəb şairləri Füzulinin təsiri ilə müvəşşəh şeir yazmışlar (11, s.54).

Əta bəy “Ədəbi sənətlərdən tövriyyə” adlı məqaləsində də ərəb ədəbiyyatına nəzər salaraq yazır: “Tövriyyə ədəbi tarix baxımından bizə ərəblərdən qalma sənətdir. İlk nümunəsini tanınmış ərəb şairi Mütənəbbih yaratmışdır. Bu sənətin mübəyyən, mücərəddən, mürəşşəh, mühəyyə adlarında dörd növü var”(11, s.47). Müqayisə üçün qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığında da tövriyyənin dörd növü olduğu qeyd edilir. Professor Əliyar Səfərli “Divan ədəbiyyatı sözlüyü”ndə Əta bəy kimi tövriyyənin mübəyyən (açıqlanmış), mücərrəd (tək, ayrı, yalnız), mürəşşəh (tərbiyə edilmiş) və mühəyyi (hazırlanmış) növlərinin adını çəkir (13, s.209). Əta bəyin məqaləsində tövriyyə türkman şairlərinin əsərlərindən gətirilən nümunələrlə izah edilir. Alim Füzuli, Molla Sadıq, Şeyx Baki, Şeyx Rzanın qəzəllərindən təqdim etdiyi nümunələr əsasında tövriyyənin klassik ədəbiyyatda yerini və rolunu müəyyənləşdirir.

Əta Tərzibaşı “Ədəbi sənətlərdən tövriyyə” məqaləsində elmlə şeir sənətinin qarşılıqlı əlaqəsinə aid dəyərli fikirlərini də oxucularla bölüşür. Alim yazır: “Şeirin elmini bilməyən gənclər gəlişi gözəl mənzumələr yazmamalı, əvvəlcə bu elmi qaynaqlardan araşdıraraq öyrənməli sonra dönüb ədəbi ideyalarını həyata keçirməlidirlər”(11, s.47).

Əta bəy klassik İraq-türkman ədəbiyyatını hərtərəfli şəkildə tədqiq etməklə ona qədər alimlərin demədiyi fikirləri, yenilikləri elm aləminə gətirmişdir. Əgər Tərzibaşıya qədər türkman alimlər yalnız İraq ərazisində doğulan və oğuz türklərinə mənsub şəxsləri ədəbiyyat nümayəndəsi hesab edirdilərsə, Əta bəy türkman olan, lakin İraqda doğulmayan şairləri də İraq-türkman ədəbiyyatının nümayəndəsi kimi tədqiq etməyə başladı. O, Əbdülqədir Marağayini, Qazi Bürhanəddini, Cahanşah Həqiqini də İraq-türkman ədəbiyyatına aid etdi. Həqiqətən də, bu azərbaycanlı şairlərin türkman ədəbiyyatının nümayəndələri kimi öyrənilməsi məntiqlidir. İlk növbədə ona görə ki, İraq-türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatının bir qoludur. Bir ədəbiyyat bütöv və sistemli şəkildə öyrənilməzsə, o zaman düzgün nəticə əldə etmək mümkün olmaz. Həm də, türkmanların yaşadığı Qafqaz, Şərqi Anadolu, Araz çayının cənubunda yaranan ədəbiyyat ümumi şəkildə öyrənilməli və öyrədilməlidir. Bu baxımdan Əta Tərzibaşı klassik İraq-türkman ədəbiyyatına ümumi şəkildə yanaşmış, ədəbi prosesləri və bu prosesin iştirakçısı olan şairləri sistemli şəkildə araşdırmışdır.

Nəticə

Yuxarıda qeyd olunanları ümumiləşdirib belə bir nəticəyə gələ bilərik ki, Əta Tərzibaşı ədəbiyyata elmi tərəfdən yanaşmaqla İraq-türkman ədəbiyyatını dərindən təhlil etmiş, Azərbaycan ədəbiyyatının bir qolu kimi inkişaf xüsusiyyətlərini, özünəməxsusluğunu, hansı Şərq xalqlarının ədəbiyyatlarının təsirinə məruz qaldığını və nəhayət bu ədəbiyyatın nümayəndələrinin ədəbi fəaliyyətlərini müəyyənləşdirmişdir. Əta bəyin ədəbi-nəzəri görüşləri Mesopotamiyada yaranan və inkişaf edən türkdilli ədəbiyyata elmi cəhətdən işıq salmış, İraq-türkman ədəbiyyatşünaslığında yeni səhifə açmışdır.

Demək olar ki, bütün ömrünü elmi fəaliyyətə həsr edən alimin əsərləri İraq-türkman ədəbiyyatının tanınmasında da böyük rol oynamışdır. Təsadüfi deyil ki, alimin məqalələri bu gün də müxtəlif ölkələrin elmi jurnallarında nəşr edilir, onun fəaliyyəti ayrı-ayrı elm adamları tərəfindən araşdırılır. Əta Tərzibaşı bir sahə ilə deyil, bir neçə sahənin tədqiqi ilə məşğul olduğu üçün əldə etdiyi nəticələr daha düzgün və məntiqli hesab olunur. İraq türkmanlarının dilinə, folkloruna, adət-ənənəsinə yaxından bələd olduğu üçün şifahi xalq ədəbiyyatının təsiri ilə yaranan yazılı ədəbiyyatı da araşdırmaq ustad tədqiqatçı üçün elə də çətinlik yaratmamışdır. Təbii ki, Əta Tərzibaşı öz xalqının yerləşdiyi coğrafi mühiti də nəzərdən qaçırmamışdır. Yazılarının böyük əksəriyyətində İraq türkmanları ilə azərbaycanlıların eyni xalq olduğunu, lakin tarixin müəyyən dövrlərində İraq ərazisinə köçən türklərin ərəb və kürd xalqının əhatəsində yaşamasını, bu xalqların türkman dilinə, ədəbiyyatına təsirini də daim nəzərə almışdır. Ərəb dilinə dərindən bələd olduğu üçün klassik ədəbiyyatın qarşılıqlı şəkildə tədiqiqi də Əta bəyə geniş imkanlar açmışdır.

Əta Tərzibaşının İraq-türkman yazılı ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri görüşləri bu ədəbiyyatı təkcə tarix baxımından deyil, həm də elmi müddəalar əsasında tədqiqinə də şərait yaratmışdır. Bu gün İraq-türkman ədəbiyyatının müxtəlif dövrlərdə janr və mövzu xüsusiyyətləri məhz Əta Tərzibaşının fikirləri, qənaətləri əsasında öyrənilir. Əta bəyin elmə gətirdiyi yeniliklər kifayət qədərdir. Məhz bu baxımdan da onun fəaliyyətin sahəsinin öyrənilməsi təkcə İraq-türkman ədəbiyyatı üçün deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının tədqiqi baxımından vacib və əhəmiyyətlidir.

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Ata Terzibaşı. Kerkük şairleri. 13 cilddə, I cild, İstanbul, Ötüken, 2013, 454 sə
  2. Ata Terzibaşı. Kerkük şairleri. 13 cilddə, XII cild, İstanbul, Ötüken, 2013, 424 sə
  3. Necat Kevseroğlu. Ata Terzibaşı. Hayatı ve eserleri. Ankara, Vadi Grafik, 2018, 72 sə
  4. Necat Kevseroğlu. Fuzuli hakkında yazılar. İstanbul, Şenyıldız, 2016, 224 sə
  5. Qəzənfər Paşayev. İraq-türkman poeziya antologiyası. 2 cilddə, I cild, Bakı, Elm və Təhsil, 2019, 464 sə
  6. Qəzənfər Paşayev. Seçilmiş əsərlə 12 cilddə. III cild. Bakı, Təhsil, 2012, 512 səh.
  7. Qəzənfər Paşayev. Seçilmiş əsərlə 12 cilddə. IX cild. Bakı, Təhsil, 2018, 480 səh.
  8. Qəzənfər Paşayev. Seçilmiş əsərlə 12 cilddə. XI cild. Bakı, Təhsil, 2022, 600 səh.
  9. Erşad Hürmüzlü. “Ustad Əta Tərzibaşı… Zəngi iki dəfə çalsanız”, “Qardaşlıq” dərgisi, say 23, sə18
  10. Molla Mehmed oğlu Sabir. “Kərkük müntəxab xoyratları”, “Qardaşlıq” dərgisi, say 93, sə 38
  11. Şemsettin Kuzeçi, Mustafa Ziya. Ata Terzibaşının edebi makaleleri. Ankara, Vadi Grafik, 2018, 220 sə
  12. Şirindil Alışanlı. Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi. Bakı, “Elm”, 2013, 400 sə

Əliyar Səfərli. Divan ədəbiy