Səkinə Qaybalıyeva
İraq Türkman Folklorunun Yorulmaz Tədqiqatçısı Əta Tərzibaşı
İraq türkmanlarının və bütövlükdə türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri Əta Tərzibaşı xalqın tarixi keçmişinin, milli-mənəvi zənginliyinin ən bariz göstəriciləri – dil, folklor, ədəbiyyat, mətbuat və s. kimi mühüm sahələrdə yorulmadan çalışmış, fundamental əsərlər yaratmışdır. Əsl adı Ətaullah(Allahın töhfəsi, payı) olan bu dəyərli alim, həqiqətən, Allahın onun xalqına bəxş etdiyi əvəzsiz bir nemətdir. Əta Tərzibaşı 14 noyabr 1924-cü ildə İraqda Kərkükün Piryadi məhəlləsində anadan olmuşdur. O, Kərkükün Piryadi məhəlləsində ibtidai məktəbdə ilk təhsilinə başlamış, burada Qurani-Kərimi xətm etmişdir. Sonra altı sinifli türk məktəbində oxumuş, tam orta təhsilini ərəbcə bitirmişdir. 1950-ci ildə Bağdadda hüquq fakültəsini bitirən Ə. Tərzibaşı təqaüd yaşınadək Kərkükdə vəkil işləmişdir.
İraq türkmanlarının milli özünüdərk və özünütəsdiqində mühüm rol oynayan bu görkəmli elm fədaisi, əsasən ədəbiyyat və folklora dair araşdırmaları ilə tanınmış, ilk yazısı universitet tələbəsi olduğu dövrdə Misirdə nəşr olunan “ər-Risalə” dərgisində işıq üzü görmüşdür. Tədqiqatçının İraq türkmanlarının dili, ədəbiyyatı, folkloru, mətbuatı ilə bağlı saysız-hesabsız məqalələri 1945-ci ildən etibarən Misir (“ər-Risalə”), Livan (“əl-Ədib”), Suriya (“əl-Hadis”), Türkiyədə (“Türk yurdu” və “Türk dili”) müxtəlif dərgilərdə nəşr olunmuşdur. İraqda isə Ə.Tərzibaşının çıxış etdiyi mətbu orqanlar daha çox olmuşdur: “Kərkük”, “Afaq”, “əs-Saqaf-əl-Hadis”, “Bəşir” qəzetlərində, eləcə də “Qardaşlıq”, “Turas-əş-Şaab” kimi dərgilərdə türkcə və ərəbcə geniş araşdırmaları nəşr olunmuşdur. Bundan başqa, İraqın “əl-Aqləm”, “əş-Şaab”, “əl-Əxbər”, “əl-Bələd”, “ət-Təzəmu”, “əl-Əyyəm”, “əl-Məktəbə”, “Əs-Siyəsə”, “əl-Məsə” və s. dərgilərində onun ərəbcə yazıları dərc olunmuşdur.
İraqda və Türkiyədə təxminən 50 əsəri dərc olunmuş (1) görkəmli tədqiqatçı Əta Tərzibaşı ötən əsrin ortalarından başlayaraq, xüsusilə folklor irsinin toplanması, nəşri və tədqiqi istiqamətində dəyərli araşdırmaları ilə diqqəti cəlb etmişdir. Xalqın milli irsinin toplanması, nəşri və tədqiqi zərurətini yaradıcılığının əsas qayəsinə çevirmiş tədqiqatçı ilk araşdırmalarını İraq türkmanlarının milli kimliyinin əsas simvollarından biri olan qədim və zəngin xoyratın yaranması, təşəkkülü istiqamətində aparmış, bəzi mətbu orqanlarda məqalələr çap etdirmişdir. “Qardaşlıq” dərgisində “Qoryatın yaranması və inkişafı” adlı ərəbcə yazdığı məqaləsində xoyratın İraqda yarandığını, həmçinin yayılma arealını göstərməyə çalışmışdır: “Bu gözəl xalq sənəti keçmiş dövrlərdə İraqın türkman bölgələrində yaranmış, ədəbi və musiqi (ifa üsulu) baxımından Ağqoyunlu və Qaraqoyunlu kimi İraqda Osmanlı hakimiyyətindən qabaq qurulmuş türkman dövlətləri, Səlcuq dövləti zamanında inkişaf etmişdir. O, Osmanlı dövründə təkmilləşərək indiki formasını almışdır. Xoyratın kökləri İraqdan Türkiyə və İranın şimalı, xüsusilə əhalisi türkman olan Təbriz və Rusiyanın türkman bölgələrinə, əhalisinin əksəriyyəti türkman olub azəri və ya azərbaycanlı adlanan Azərbaycana yayılmışdır. Xoyrat bu ölkələrdə İraqda olduğu kimi inkişaf etməmişdir” (2, 8). Müəllif bu məqaləsində qoryat (xoryad) sözünün şəkil etibarilə türklər arasında qədimdən mövcud olduğunu, xoryad olaraq “Kitabi-Dədə Qorqud”da, Süheyl-Nevbahar kitabında və Aşıq Paşazadənin Tarixində zikr olunduğunu, qoryatın geniş yayılmış şeir rübailərindən yarandığını, tarixinin isə XIV əsrin əvvəlləri və ya XIII əsrin axırlarına təsadüf olunduğunun güman edildiyini göstərir. Tədqiqatçı XV əsrdə Abdal, Xəlil Əhməd, Qaraqoyunlu hökmdarı Cahan Şah Qara Yusifin, XVI əsrdə isə Şah İsmayıl Xətainin xoyratlar yazdığını qeyd edir. Bu məqaləsində Ə.Tərzibaşı, həmçinin xoyratın musiqi sənəti ilə bağlılığına, ifa üsullarına toxunmuş, bunları İraq muğamları ilə müqayisə etmişdir. Tədqiqatçı bu ifa üsullarının hər birini bir növ muğam pərdəsi və ya müstəqil muğam adlandırmış və 24 adda belə üsulun olduğunu göstərmişdir. 1953-cü ildə çap etdirdiyi bir məqaləsində Əta Tərzibaşı bu muğamların 30-a qədər növünün olduğunu qeyd etmişdir.
Araşdırmaçı dördüncü sayından on birinci sayınadək redaktoru olduğu “Afaq” qəzetində ilk folklor nümunələri, atalar sözləri, el məsəlləri, digər şifahi xalq yaradıcılığı nümunələri nəşr edərkən buna ağız büzüb “bunların ədəbiyyatla heç bir əlaqəsini görməyənlərə” tutarlı cavab kimi “Xalq bilgisi” adlı məqalə ilə çıxış edərək folklorun bir termin kimi mahiyyətini, əhəmiyyətini şərh etmiş, bir xalqın tarixi keçmişinin, dilinin, adət-ənənələrinin öyrənilməsində əsas açar rolunu qeyd edərək zəngin qaynaq olduğunu vurğulamışdır.
Çox qədim və zəngin bir tarixə malik olan, İraq türkmanlarının milli kimlik səviyyəsinə qaldıraraq böyük önəm verdikləri xoyrat, bu janrın İraq-türkman folklorunda və ədəbiyyatında geniş yayılmış bir janr kimi yeri, əhəmiyyəti, yaranma tarixi və səbəbləri, məzmun və forma xüssiyyətləri, Kərkükə xas muğam növləri arasında özünəməxsus ifa üsulları və s. kimi aktual cəhətlərinin dolğun şəkildə işıqlandırıması zərurətini gözəl bilən Əta Tərzibaşı İraq-türkman folklorşünaslığında yaranmış bu boşluğun yalnız ayrı-ayrı məqalələlərlə doldurula bilməyəcəyi gerçəkliyini başa düşərək “Kərkük xoyratları və maniləri” adlı üç cildlik monoqrafiyasını çap etdirmişdir. Mənsub olduğu xalqın zəngin və çoxşaxəli folklorunun yazıya alınması, nəşri və tədqiqi zərurətini dərindən duyan bir vətəndaş və vətənpərvər ziyalı kimi Əta Tərzibaşı təkcə “Kərkük xoyratları və maniləri” kimi fundamental əsəri ilə İraq-türkman folklorşünaslığının inkişafında çox əhəmiyyətli rol oynamışdır. 1955-ci ildə Bağdadda birinci cildi nəşr edilən bu əsərin ikinci cildi 1956-cı ildə, üçüncü cildi isə 1957-ci ildə Kərkükdə ərəb əlifbası ilə çap olunmuşdur. 1970-ci ildə kitabın birinci cildi Bağdadda latın qrafikalı əlifba ilə yenidən çapdan çıxmış, 1975-ci ildə isə İstanbulda hər üç cild birlikdə yeni düzəliş və əlavələrlə nəşr edilmişdi. Tədqiqatçı kitaba yazdığı qısa annotasiyada əsərin ədəbiyyat və musiqi baxımından xoyrat və mani qavramı, yaranması və yayılması haqqında kompleks araşdırmanı əhatə etdiyini qeyd etmişdir.
Qeyd edək ki, XX əsrin 50-ci illərinədək İraq-türkman dili, tarixi, ədəbiyyatı, folkloru, ümumiyyətlə mədəniyyət tarixi sistemli şəkildə araşdırılmamış, bu sahədə ciddi tədqiqatlar aparılmamışdı. Xammal kimi qorunub saxlanmış, milli ruhu və milli zövqü əks etdirən bu zəngin mədəniyyət xəzinəsinin yazıya alınıb araşdırılmasını İraq türkmanları qarşısında bir vətəndaşlıq və vətənpərvərlik vəzifəsi kimi dəyərləndirən görkəmli araşdırıcı Əta Tərzibaşı mənsub olduğu xalqın milli kimlik göstəricisi olan xoyrat və maniləri bu səviyyədə tədqiqata cəlb etməklə əsərini bütövlükdə türk millətinin məhsulu kimi ortaya qoya bilmişdi. Bu işin milli ideoloji əhəmiyyətini nəzərə alan araşdırıcı hələ kitabın nəşrinədək – 1952-1953-cü illərdə “Kərkük” qəzetində kitabın ayrı-ayrı bölmələrini əhatə edən çoxsaylı məqalələr çap etdirmişdir.
Təəssüflə qeyd etmək istərdik ki, uzun əsrlər boyu müxtəlif təlatümlərə sinə gərərək öz varlığını qoruyub saxlamış xoyrat və manilərin, ümumiyyətlə İraq-türkman folklor nümunələrinin mətbu orqanlarda nəşri XX əsrin 50-ci illərinədək istehza və gülüşlə qarşılanaraq yol verilməmişdir. Hətta həmin dövrədək öz yaradıcılığında xoyrat və manilərə yer verən divan ədəbiyyatı nümayəndələri, tanınmış şairlər bu zəngin folklor nümunələrinə sənət gözü ilə baxmamış, adlarını gizli saxlamış və yazdıqları bu növ əsərlərdə öz təxəllüslərini göstərməmişlər. Belə bir dövrdə xoyrat və manilərin ədəbi və musiqi baxımından ayrıca bir sənət növü kimi tərkibi, orijinallığı və bədii dəyərini nəzərə çatdıran araşdırıcı Əta Tərzibaşı həmin nümunələrin dil və qrammatik quruluş cəhətdən də yerli dialekt və şivəni qoruyub saxladığını, eləcə də dildə morfoloji və leksik xüsusiyyətləri ilə əhəmiyyət kəsb etdiyini əsas gətirərək bu samballı monoqrafiyanı ortaya qoymuşdur. Araşdırıcı uzun zaman üzərində işlədiyi bu tədqiqatla bağlı qənaətini dilə gətirmiş və əsərin əhəmiyyətini belə dəyərləndirmişdir: “…xoyrat biçimi divan ədəbiyyatı, hətta təkkə ədəbiyyatı və musiqisi ünsürlərini içinə aldığı halda və ümumiyyətlə, xalq ədəbiyyatı məhsulu sayılmasına rəğmən, bunu daha çox folklor sahəsinə girən ədəbi və musiqi bir tərkib saymaq doğru olar ki, şifahi xalq ədəbiyyatı və musiqisi baxımından incələnməyə dəyər görürük. Nə yazıq ki, bizim bu xalq məhsulu çox zamanlar kitabiyyat çevrəsində istehza və istixfaf mövzusu olmuşdu. Buna əskidən klassik zümrəcə sənət gözü ilə baxılmamış və gerçək dəyər verilməmişdir” (3, 13).
Ə.Tərzibaşı sırf milli qayə naminə ərsəyə gətirdiyi bu kitabında xoyrat və maninin tədqiqi ilə bağlı Türkiyə, İran və Azərbaycanda ayrı-ayrı tədqiqatçılar tərəfindən nəşr olunmuş araşdırmalara toxunmuş, geniş qaynaq siyahısı vermişdi. Əsərin birinci cildinin “Bizdə və başqa türk ölkələrində xoyrat və mani” bölümündə araşdırıcı bütün müşahidələrinə əsasən gəldiyi qənaəti belə ifadə etmişdi: “Bizim xoyrat və manilərimizlə ilgisi ən yaxın olanı muhaqqaq ki Azəri olanlarıdır. İraqda yaşayan türkmanların qullandığı şivə, Azəri şivəsinin də əsli olanı, Şərqi Oğuz türkcəsidir…” (3, 40).
Tədqiqatçı əsərin birinci cildində xoyrat və mani sözlərinin lüğəvi mənası, ədəbi qavram olaraq xoyrat və maninin müqayisəsi, vəzn, qafiyə, rədif, xoyratlarda cinas anlayışı, məna bağlılığı, mövzusu, yaranma səbəbləri, tarixi, təşəkkül mərhələləri və s. haqqında geniş bilgilər vermişdi. Bildiyimiz kimi, İraq türkmanları arasında bu janr müxtəlif hərf dəyişmələri ilə müşahidə olunur: “xoyrat”, “xoryat”, “qoyrat”, “qoryat”. Əta Tərzibaşı “xoyrat” kəliməsini qəbul edərək xalq arasında bu formanın daha çox yayıldığını qeyd etmişdir: “Kərkükdə xalq dilində qullanışı ən fazla şayi olan “xoyrat” və “qoyrat”dır. Bununla bərabər bəzilərinin “xoryat”, bəzilərinin də “qoyrat” və “qoryat” dedikləri məlumdur. Biz kitabda bu təbirlərdən xalq arasında ən fazla tutulan və araşdırmalarımız nəticəsində də doğru bulduğumuz “xoyrat” sözünü qullanmayı uyğun gördük” (3, 47). Xoyratın etimologiyası ilə bağlı müxtəlif fikirlər söylənmiş, bu ifadə müxtəlif şəkillərdə mənalandırılmışdır. Ə.Tərzibaşı öz monoqrafiyasında xoyratın “quru yad”, yəni acı xatirənin məhsulu olduğunu və ya Kərkükün Qələ hissəsində çox qədim məhəllələrdən biri olan “Qorya” məhəlləsi ilə əlaqəli yarandığını qeyd etmiş, “xorı” (qaba, kobud, sərsəm) kəliməsi ilə bağlı olduğunu qəbul etməmişdir: “İləri sürülən bu mütaliə görüşü də heç bir əsasa dayanmayan pək ibtidai bir rəvayətdir. Xoyrat bir millətin xoruları tərəfindən söylənən saçma sözlər olmayıb, o millətin ancaq parlaq güzgüsüdür ki, könüllərdən fışqıran içli duyğuları min bir sədaqətlə əks etdirir” (3, 49). Bu monoqrafiyasında Əta Tərzibaşı xoyratlarla bağlı qəti qənaətini bildirmişdir: “Bizə qalırsa xoyrat ləfzi nəhayət başqa türkcə qeyri müştaq sözlər gibi dilin bir ehtiyacı olaraq doğmuş bir ləfzdir, hər halda həmasət və sərtlik mənalarını da andıran bir ifadə vasitəsi olaraq bəlirmişdir” (3, 54). Tədqiqatçı həmin əsərində xoyratla bağlı digər qənaətlərini də irəli sürmüş, İraqda xoyratın yalnız Kərkük və yaxınlığındakı Təzəxurmatu bölgəsinə aid olduğunu, şimalda Ərbil və Təzəxurmatunun cənubunda xoyratın yayılmadığını, “doğuş və gəlişməsi, ləhcə və şivəsi və daha bir çox baxımdan başqa ölkələrin xoyrat və mənilərindən ayrılmaqda” olduğunu qeyd etmişdir. Həmçinin xoyratın yaranma tarixindən danışan müəllif: “Xoyrat və mənilərin əskiliyi pək bilinməməklə bərabər kökünün İraqda türk ədəbiyyatının başlanğıcına dayandığını düşünmək mümkündür” fikrini irəli sürmüşdür.
Araşdırıcı bu kitabında Müxalif, Bəşiri, Nobatçı, İskəndəri, Qarabaği, Atıcı, Dəllihəsəni, Kurdo, Qızıl, Kəsük, Yetimi, Ömərgələ, Məməli, Bayat, Əcəm, Muçıla, Yolçu və s. kimi xoyrat üsullarının olduğunu göstərmiş, həmçinin xoyrat çağırma ənənəsindən, xoyratın oxunduğu yerlərdən, məclislərdən, məşğuliyyət(peşə-sənət) sahələrindən, xalq arasında yayılmış əfsanələrə görə müxtəlif hadisələrlə bağlı yaranmış xoyrat və manilərdən bəhs etmişdir. Əta Tərzibaşı XVIII-XX əsrlərdə yaşayıb-yaratmış Mılla Vəli, Şaltağ, Muçıla, Malalla, Məməli, Darmankaha, Yetim Məhəmməd, Məhəmməd İskəndər, Məhəmməd Çulboyın, Məhəmməd Taha, Rəşid Külə Raza, Məhəmməd Gülboy, Sıddıq Bəndə Qafur, Abdulvahid Kuzəçioğlu, Kərkük Qızı, Əbdürrəhman Qızılay, Əkrəm Tuzlu və başqaları kimi onlarla məşhur xoyrat ustadı haqqında məlumat vermiş, onlardan bəzilərinin-Muçıla, Malalla, Məməli, Darmankaha, Yetim Məhəmməd, Məhəmməd İskəndər və başqalarının adı ilə xoyrat üsullarının yarandığını qeyd etmişdir.
Kitabın ikinci cildində ləhcə xüsusiyyətlərinə diqqət edən tədqiqatçı əlifba ardıcıllığı ilə 1050 cinaslı xoyrat mətni vermişdi. Bunlardan 950 anonim xoyrat, həmçinin xalq arasında yayılmış müəllifi məlum olan təxminən 100 müasir xoyrat mətni yer alır:
Aman dedim, Bax səmaya
Kəs dilim, yaman dedim. Baş qaldır, bax səmaya.
Kəs başım al tərkivə, Zərrəcə hüsnüv görsəm,
Namərdə aman dedim Namərdəm baxsam aya
(3, 301). (3, 308).
Kimi gözlər, Dalda sına,
Ah çəkib kimi gözlər. Bilbili dalda sına.
Qaşıv kimin qaş olmaz, Namərd aslan olırsa,
Gözləriv kimin gözlər Sığınma daldasına
(3, 361). (3, 327).
Araşdırıcı kitabın üçüncü cildində 1440 cinassız maniyə yer vermişdi. Bunlardan 1400 mani anonim, təxminən 40 mani mətni isə müəllifi məlum olan nümunələr kimi verilmişdi. Azərbaycan folklorunun ən qədim və zəngin janrlarından biri olan bayatı kimi yadda qalan:
Apardı tatar məni,
Qul kimin satar məni.
Yarım vəfalı olsa,
Axtarar, tapar məni (3, 436) –
mətni burada mani kimi verilmişdir. Həmçinin digər mani mətnləri də folklorumuzla bir doğmalığı, əkizliyi yaşadır:
Apardılar gülimi, Araxçınıv biçmişəm,
Eylədilər zülimi. Biçəndə and içmişəm.
Nə qoydular şad olum, Bınca aləm içində
Nə kəsdilər dilimi Səni gözəl seçmişəm
(3, 436). (3, 437).
Bilmirəm nə xəbərdi, Qurbanam qaşıva, yar,
Cümlə canım qabardı. Qoy dönüm başıva, yar.
Bir yanım sel apardı, Məni bı qəmnən qurtar,
Bir yanım bexəbərdi Dolandır başıva, yar
(3, 468). (3, 539).
Dəyərli tədqiqatçı 1961-ci ildə İraq-türkman folklorunun tədqiqi sahəsində “Kərkük havaları” adlı digər əsərini nəşr etdirmişdir. Qeyd etmək lazımdır ki, bu kitabın nəşrindən səkkiz il əvvəl, 1953-cü ildə Bağdadda Ə.Tərzibaşının “شرقى و توركيلر” (Şərqi və türkülər) kitabı işıq üzü görmüşdür. Tədqiqatçı İraq türkmanları arasında yayılmış iki yüzdən artıq şərqi və türkünü ilk dəfə olaraq qeydə almış, kitab şəklində nəşr etdirmişdir.
Folklorşünas Əta Tərzibaşı “كركوك هوالرى” (Kərkük havaları) kitabında İraq-türkman folklorunda geniş yayılmış havaları nəzəri cəhətdən qruplaşdıraraq belə təsnifat vermişdir: Aşıq havaları; sazlamağ havası; kərəm havaları; leylə havası; qəzəl havası; tənzilə havaları(dini havalar). Tədqiqatçı kitabda adıçəkilən havalara aid parçalara, eləcə də muğam, qarabaği, divan, qəzəl, türkü nümunələrinə geniş yer vermişdir.
Aşıq havalarından bəhs edən araşdırıcı qeyd edir ki, bu sənətin daşıyıcıları olan aşıqlar “qədimdən şəhər-şəhər gəzib saz çalaraq xalqın zövqünü oxşayan, sözü və nəğməsi özlərinə aid havalar oxuyurdu” (4, 36). Birinci Dünya müharibəsindən əvvəl Kərkükdə Aşıq Abbas adlı bir ustadın yaşayıb-yaratdığını qeyd edən Əta Tərzibaşı ona aid “Kərkükün” adlı qoşmasını kitabda vermişdir. Həmçinin tədqiqatçı aşıq havalarına aid olan “Kərəm havası”ndan da söhbət açır. Hazırda Kərkük şəhərində, eləcə də Kərkükə bağlı Təzəxurmatu kimi kənd və qəsəbələrdə çox rastlanmayan “Kərəm havası”nın daha çox Ərbildə yayıldığını göstərən araşdırıcı belə nümunələrə də kitabda yer vermişdir. Biz kitabın “İraq-türkman ədəbiyyatında xalq şeiri janrları” bölümündə bəzi belə nümunələrə yer ayırdığımız üçün burada təkrara yol vermədik.
Əta Tərzibaşı kitabda İraq türkmanları arasında qədimdən xoyrat üsulu kimi tanınmış Qarabaği havasından da bəhs etmişdir. Tədqiqatçının Qarabağla bağlı olduğunu və uzun hava tərzində azəri türkü ağzıyla oxunduğunu (3, 156) qeyd etdiyi Qarabaği nümunələri də kitabda yer almışdır:
Düşdü beçarə gevil atəşi-hicrana genə,
Od tutub yandı gevil, döndü al qana genə.
Dönməsəydi gevil qana genə,
Dönsəydi gül çehreyi-xandana genə.
Səniv ruhi-rəvana zülfüv olmuşam xəstə bügün,
Qalmışam çöllərdə xəndana genə,
Doldurdu eşq badəsin, eylədi divana genə (5, 174).
Kitabda “Sazlamağ havası”nın “ölünün arxasından özəl bir nəğmə ilə söylənən müəyyən xoyrat şeirlərinə verilən ad” olduğunu qeyd edən tədqiqatçı Azərbaycan folklorunda ağı kimi yayılmış bu mətnlərin Kərkük dolaylarında daha çox qadınlar tərəfindən oxunduğunu göstərir. Bununla belə, araşdırıcı xoyrat çağıran kişilər arasında da sazlamağ sənətində tayı-bərabəri olmayan sənətkarlar olduğunu qeyd etmiş, həmçinin ayrı-ayrı mətn nümunələrinə yer vermişdir:
Öz nənəm,
Qarnı dolu köz nənəm.
El yığlar*, qələt yığlar,
Qoy yığlasın öz nənəm.
Musalla* çöl olaydı,
Ətrafı göl olaydı.
Mənnən səniv aranda
Bir incə yol olaydı ( 4, 39).
Qeyd etmək lazımdır ki, İraq-türkman ziyalıları arasında bu sahədə ilk dəfə Əta Tərzibaşı geniş miqyasda belə bir araşdırma aparmışdır. “Kərkük havaları” kitabı 1973-cü ildə Azərbaycanda və 1980-ci ildə Türkiyədə nəşr olunmuşdur.
Məhsuldar tədqiqatçı 1962-ci ildə Bağdadda, özünün də qeyd etdiyi kimi, sayca üçüncü olan “كركوك اسكيلر سوزى” (Kərkük əskilər sözü) kitabını nəşr etdirmişdir. Müəllif kitaba yazdığı ön sözdə həmin dövrdə atalar sözlərinin ərəblər, farslar və türklər arasında nəşr olunub yayılmasına baxmayaraq türkmanların bu sahədə nəinki çap edilmiş bir əsərinin, ümumiyyətlə onlar arasında toplama təşəbbüsünün belə olmadığını göstərir. Tədqiqatçı yazır ki, türkmanlar arasında ilk dəfə 1958-1959-cu illərdə onun “Bəşir” qəzetində atalar sözlərini nəşr etdirməsi bəzi oxuyucular tərəfindən istehza ilə qarşılansa da, sonradan artıq “Qardaşlıq” dərgisində bu nümunələrin geniş yayımlanması xalqda böyük təşviqə səbəb oldu. Təbii ki, bütün bunlar tədqiqatçının qarşısında belə bir kitabın nəşri zərurətini ortaya qoymuş və Əta Tərzibaşının bu qiymətli əsəri işıq üzü görmüşdür.
İraq türkmanlarının müdrikliyini, əxlaqını, dünyagörüşünü əks etdirən, xalqın məişətində mühüm rol oynayan atalar sözlərinə müəllif öz kitabında geniş və dolğun tərif vermişdir: “Atalar sözü xalqa gözəl yol göstərən, çeşidli görüş və düşüncələrin təmsili olaraq anladan, basma qəlib biçimində qısa, fəqət geniş, həm də toplu anlamlı hikmət ifadə edən kinayəli, çəkici və yararlı sözdür ki, xalqın lisan halı olmuşdur” (6, 6). Bununla belə, tədqiqatçı atalar sözünün ümumi olaraq izahının yetərli olmadığını qeyd etmiş, hər hansı açıqlamanın “sözün geniş olan tətbiq sahəsinin yalnız kiçik bir tərəfini bildirə bilən”, “sözün zaman və yerinə görə istənilən qayə və hədəflərini isə bütün-bütününə izah edə bilməyən” şərhlər olduğu qənaətinə gəlmişdir (6, 10).
Bəzi təbirləri, vəsfləri, bədduaları, söyüşləri, təşbehləri və s. bu tərifdən fərqləndirib kitabda yer verməyən tədqiqatçı “Cənnətdə Əli ağanı tanır”, “Qul yazıdan qaçmaz”, “Dünyanın quyruğu uzundur”, “Doğruluğ dost qapısıdır”, “Səni görən bəy olar”, “Bazara gül gəlipdi”, “Qarnıv ağırdı topalağ ye, başıv ağırdı şapalağ ye”, “Çal başına gözü açılsın” və s. kimi deyimləri, xalq arasında Molla Nəsrəddin lətifələrinə istinadən yaranmış “Yorğan getdi, qavğa bitdi”, “Allah dəvəyə qanad versəydi, bütün damları yıxardı” və s. kimi məsəlləri, eləcə də “Xak ol ki, xuda mərtəbəni eyləyə ali” (Ruhi), “Xərabatı görənlər hər biri bir halətin söylər” (Rağib Paşa), “Bağban bir gül üçün min xarə xidmətkar olur” və s. kimi yazılı ədəbiyyat nümunələrini atalar sözləri sırasına daxil etmədiyini vurğulamışdır. Həmçinin tədqiqatçı xoyrat və manilərdə yer alan “Bir dərdlinin dərmanın o dərdə düşəndən al”, “Yatan aslan olursa, fürsət hə oyağındır”, “Göz var ziyarət olunur, tüpürməgə göz də var”, “Əgri ağac düz olmaz, rəndə vursan yüz yerdən”, “Düşənin dostu olmaz, inanmazsan, düş də gör” kimi ibrətamiz deyimləri də atalar sözlərindən fərqləndirdiyini göstərmişdir.
Müəllif topladığı 700 atalar sözü mətninə kitabda yer vermiş və bunlar arasında atalar sözü olmayan digər nümunələrə də təsadüf edilə biləcəyi ehtimalını irəli sürmüşdür. Həmçinin kitabın adına aydınlıq gətirən tədqiqatçı Kərkükdə və ona aid bölgələrdə daha çox yaşlı insanlardan topladığı atalar sözlərinə xalq arasında verilən “Əskilər deyər”, “Əskilər sözüdü”, “Əskilər yalan deməyib” təbirinə əsaslandığını qeyd etmişdir (6, 8).
Kitabda folklor nümunələrinin yerli ağızla verilməsi İraq-türkman ləhcəsinin öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçı yerli ləhcədə verdiyi sözlərin mənasını Türkiyə türkcəsində açmışdır. Azərbaycan folklorunda da geniş yayılmış “Axtaran tapar” (6, 12), “Acın toxdan xəbəri olmaz” (Kərkük ağzı ilə “Acın toxdan xəbəri yoxdu”) (6, 12), “Qorxan gözə çöp düşər” (Kərkük ağzı ilə “Qısqanan* gözə çöp düşər”) (6, 95) “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” (6, 95) və s. kimi atalar sözlərini tədqiqatçı Türkiyə türkcəsində açıqlamışdır. Müəllif bu kitabında verdiyi bəzi atalar sözlərinin ərəblər arasında, eləcə də Türkiyə və Azərbaycanda olan bənzər nümunələrinə də müqayisəli şəkildə yer ayırmışdır.
Kitabda “Keçəl Həsən, Həsən keçəl” (6, 96), “Qoyun başlı, qurt dişli” (6, 95), “Qoyunu qurda ismarlayır” (6, 95), “Quyu dərindi, suyu sərindi” (6, 95), “Qurt dedi, qulağı çıxdı” (6, 90), “Qaş sürmələrkən göz çıxartdı” (6, 88), “Sögmə qul babamı, sögmiyim bəg babavı” (6, 68), “Sən dərədən gəl, mən təpədən” (6, 66) və s. kimi deyim və ifadələr, eləcə də “Sən də imamlardan İmam Cırcırı tapduv” (6, 66), “Qazanda ət qalmadı, üç gündür baş qaldırdı” (6, 88), “Kəfən soyan gedər, qazuğ qoyan gəli” (6, 96) və s. məsəllər atalar sözü kimi göstərilmişdir. Müəllif kitabda bu və digər atalar sözləri kimi verilmiş “Qaxtu öz eviv yıxtu, düştü xaxın evin yıxtu” (6, 84-85), “Qaçanı tut, qaçan malımızdı” (6, 83-84) və s. İraq türkmanları arasında yayılmış məsəllərin yaranma hekayəsinə də kitabda yer ayırmışdır.
“Kərkük əskilər sözü” kitabı İraq türkmanlarının milli irsinin qorunub saxlanması, qədim adət-ənənələrinin tanıdılması, həmçinin xalqın özünəməxsus ləhcə xüsusiyyətlərinin öyrənilməsi baxımından bütövlükdə türk dilləri və folklorunun tədqiqi kontekstində dəyərli bir mənbə kimi də əhəmiyyət kəsb edir.
Bütün ömrünü şifahi xalq yaradıcılığı nümunələrinin toplanması və tədqiqinə həsr etmiş dəyərli folklorşünas Əta Tərzibaşı 1964-cü ildə Bağdadda “آرزى قمبر مطالى” (Arzı Qəmbər matalı) kitabını nəşr etdirmişdir. Tədqiqatçı İraq türkmanları arasında geniş yayılmış bu dastanı ilk dəfə qeydə alıb nəşr etdirməklə öz xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində daha bir uğurlu addım atmışdır. Kitaba yazdığı ön sözdə tədqiqatçı dastanın folklorşünaslıq və dilçilik baxımından əhəmiyyətini qeyd etmiş, onun “başdan sona təkin hərfi-hərfinə ağızdan alınmış bir əsər” olduğunu diqqətə çatdırmışdır. Əta Tərzibaşı bu dastan mətnini Kərkükdə bir neçə şəxsdən dinləmiş, amma heç bir təhsili olmayan, dilində “ərəbcə təbirlərə və farsca izafilərə əsla təsadüf edilməyən” bir xanımdan qeydə almağa üstünlük vermişdir: “Dil baxımından məktəb filan təsiri altında qalmayan sayın yaşlı xanımın qonuşma dilinə heç toxunmadan hekayəni kəlimə-kəlimə, cümlə-cümlə təsbit etdim. Bu, yerli ağız üçün günün ən gözəl örnəyidir” (7, 7-8). Tədqiqatçı dastanda ayrı-ayrı sözləri Kərkük şivəsində olduğu kimi saxlamış, bəzi sözlərin mənasını vermişdir. Dəyərli araşdırıcı dastanı xüsusilə qadınların özlərinə aid məclislərdə danışdıqlarını qeyd etmişdir.
Kitabın ikinci nəşri 1967-ci ildə Tehranda, üçüncü nəşri 1971-ci ildə Türkiyədə həyata keçirilmişdir. Kitabın üçüncü nəşrinə yazdığı ön sözdə tədqiqatçı dastanın mahiyyəti, yaranma tarixi, təşəkkül dövrü və s. kimi məqamlardan da bəhs etmişdir. Folklorşünas burada “Arzu-Qəmbər” dastanının Kərkük və Anadolu variantları arasında müqayisələr aparmış, ayrı-ayrı motivlərin zənginliyi baxımından birinciyə üstünlük vermişdir. Qeyd etmək istərdik ki, Azərbaycanda da dastanın Naxçıvan, Şamaxı, Gəncə, Bakı, Qarayazı, Güneydə isə Heştər variantı toplanıb nəşr edilmişdir (8, 348-353; 9, 52-67; 7, 88-97). Bu dastan mətnləri arasında istər arxaik elementlərin üstünlük təşkil etməsi, istərsə də yerli ləhcə xüsusiyyətlərinin qorunub saxlanması baxımından Əta Tərzibaşının “Bizim yayımladığımız bu hekayə başqa ölkələrdə yayımlanmış dərləmələrdən tamamilə fərqlidir” (10, 3) qənaətinə haqq qazandırmamaq mümkün deyil.
“Arzu-Qəmbər” dastanı ilk dəfə 1971-ci ildə Bakıda professor Qəzənfər Paşayev tərəfindən dördüncü dəfə çap edilmişdir. Onu da qeyd edək ki, sonralar dəyərli alim dastanın Kərkük variantını Bakıda dəfələrlə nəşr etdirmişdir.
“Arzu-Qəmbər” dastanının “İraq türkmanlarının ləhcəsini öyrənmək üçün istinad ediləcək bir sənəd, onların kimliyini aydınlaşdıran əhəmiyyətli bir abidə” (11, 5) kimi toplanıb nəşr edilməsi Əta Tərzibaşının bu istiqamətdə gördüyü ən qiymətli işlərdən biridir.
Mətbuat səhifələrində folklorun toplanması, nəşri və tədqiqi məsələlərinin geniş işıqlandırılmasını bir zərurət halına gətirərək öz həmkarlarının da diqqətini bu istiqamətə yönəldən ilk təşəbbüskar və vətənpərvər araşdırıcı Əta Tərzibaşı olmuşdur. O, bu sahədəki yorulmaz fəaliyyətini dördüncü sayından on birinci sayınadək mühərriri olduğu “Afaq” qəzeti, sonra idarə etdiyi “Bəşir” qəzeti, fəal müəlliflərindən biri sayılan “Qardaşlıq” dərgisi, həmçinin maraqlı məqalələrlə çıxış et-diyi “Kərkük”, “İraq” qəzetləri və “Turas-əş-şəabi” (Folklor) dərgisinin səhifələrində uğurla davam etdirmişdir.
Araşdırıcı “Afaq” qəzetinin 1954-cü il ikinci sayında şifahi xalq yaradıcılığına aid ilk nümunələri, atalar sözləri, el məsəlləri və s. nəşr etdirərkən həmin araşdırmalara ağız büzüb “bunların ədəbiyyatla heç bir əlaqəsini görməyənlərə” “Xalq bilgisi” adlı məqalə ilə tutarlı cavab vermişdir. Əta Tərzibaşı həmin məqalədə folklorun bir termin kimi mahiyyətini, əhəmiyyətini şərh etmiş, xalqın tarixi keçmişinin, dilinin, adət-ənənələrinin öyrənilməsində əsas açar rolunu, zəngin qaynaq olduğunu vurğulamışdır (12, 135).
Professor Qəzənfər Paşayev folklorşünas alim Əta Tərzibaşının çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək yazır: “Həqiqətən də, Əta Tərzibaşı İraq-türkman folkloru və ədəbiyyatının ən müqtədir tədqiqatçısıdır. Bu böyük alimin yazdığı möhtəşəm əsərlər və şəxsi nümunəsi sayəsində İraq-türkman ellərində neçə-neçə folklorşünas və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Çəkinmədən deyə bilərik ki, Əta Tərzibaşı folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində məktəb yaratmışdır” (13, 224). Görkəmli alimimizin bu fikrinə biz də ürəkdən qoşuluruq. Qeyd etmək istərdik ki, bütün ömrünü yalnız öz xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına, bədii təfəkkürünün zənginləşməsinə, tərəqqipərvər, maarifçilik ideyaları ilə əhatə olunmasına həsr etmiş fədakar alim Əta Tərzibaşının bu qiymətli yaradıcılığı yalnız yüksək təqdirə və sonsuz təşəkkürə layiqdir.
Əta Tərzibaşı XX əsrin 50-ci illərinədək İraq-türkman ədəbiyyatının, Kərkükdə yetişən şairlərin həyat və yaradıcılığının tədqiq olunmaması, bu şairlərin çap edilmiş bəzi əsərlərinə nadir hallarda təsadüf edilməsi zərurətini nəzərə alaraq “iləridə İraqda türkman ədəbiyyatı tarixini hazırlamaq və beləcə ümumi türk ədəbiyyatında sönük qalan bir bölümün aydınlanması üçün ilk addımı atmış”, ilk cildi 1963-cü ildə çap olunmuş və “bu sahədə başlıca bir qaynaq vəzifəsini görəcək olan “6 cildlik “كركوك شاعرلرى” (Kərkük şairləri) əsərini yazmış, sonradan bu istiqamətdə fəaliyyətini genişləndirmişdir.
İraq-türkman mətbuatı haqqında ilk geniş tədqiqat işi Əta Tərzibaşı tərəfindən aparılmışdır. Görkəmli tədqiqatçı 1954-cü ildə ərəbcə nəşr olunmuş “Kərkükdə mətbuat tarixi” adlı məqaləsində Kərkükdə mətbuat və mətbəəçiliyin yaranma tarixinə toxunmuş, orijinal mənbələrə istinad edərək türkman mətbuatının yaranma tarixi, mühərrir və əməkdaşları haqqında məlumat vermişdir. Fədakar alim İraqda və digər ölkələrdə bu istiqamətdə çoxlu sayda məqalələr nəşr etdirmiş, 2005-ci ildə isə “Kərkük mətbuat tarixi” kitabı işıq üzü görmüşdür.
Dəyərli yaradıcılığı ilə öz xalqının qəlbində əbədi yaşam hüququ qazanmış fədakar alim ömrünün sonlarına yaxın qələmə aldığı üç cildlik “Türkman sözlüyü” kitabında uzun zaman səhhətində yaranmış problemi bir xoyrat yanğısı ilə dilə gətirmişdir:
Dərd məni aldı, neynim,
Yatağa saldı, neynim,
Çox niyyətlər tutmuşdum,
Gevlimdə qaldı, neynim (1).
Heç vaxt ailə qurmayan, bütün mənalı ömrünü təmənnasız olaraq yalnız İraq türkmanlarının elmi-mənəvi yüksəlişinə, milli-mədəni tərəqqisinə həsr etmiş, bu istiqamətdə 50 kitab, 1000-ə yaxın məqalə (1) yazmış böyük alim Əta Tərzibaşı bütün türk dünyasında adı qürurla anılacaq bir şəxsiyyətdir. Əta Tərzibaşı qiymətli ömrünün 92-ci baharında – 31 mart 2016-cı ildə vəfat etmişdir.